XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Oktyabr 2017 - 06:41

ABŞ və Rusiya arasında daha bir casusluq qalmaqalı –Məşhur "Kaspersky Lab" şirkəti məlumat oğurluğunda ittiham edilir

Media xəbərlərinə görə, Rusiya hökumətinin dəstəklədiyi hakerlər 2015-ci ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) son dərəcə həssas casusluq alətlərini oğurlayıblar.

Məxfi informasiyanın MTA üçün müqavilə əsasında işləyən bir nəfərin şəxsi kompüterindən oğurlandırğı xəbər verilir.

ABŞ hakimiyyət orqanlarının ehtimalına görə, barəsində ilk dəfə oktyabrın 5-də "Wall Street Journal" qəzetində xəbər verilmiş oğurluq Moskvada mənzillənmiş "Kaspersky Lab" antivirus proqramları şirkətinin proqramı vasitəsilə həyata keçirilib.

Vaşiqnton ötən ay ölkənin bütün federal xidmətlərinə "Kaspersky" məhsullarından istifadəni qadağan edib. Hökumət nümayəndələri bildirirlər ki, sözü gedən şirkət Rusiyanın kəşfiyyat orqanları ilə bağlıdır.

Kreml bu qadağanı pisləyib, şirkətin sahibi Yevgeni Kasperski isə Rusiyanın ən uğurlu texnoloji şirkətlərindən birinin Rusiya kəşfiyyatı ilə bağlı olduğu barədə iddiaları danıb.

Media xəbərlərində deyilir ki, oğurlandığı iddia edilən MTA informasiyasında ABŞ casus təşkilatının xarici kompüter şəbəkələrinə necə müdaxilə etdiyi və özünün xarici müdaxilələrdən necə müdafiə olunduğuna dair məlumatlar var.

MTA xəbərlər barədə heç bir şərh verməyib. Kompüterindən oğurluq edilmiş kontraktçının da adı çəkilmir.

AzadlıqRadiosu yazır ki, bu xəbərlər Rusiya ilə Birləşmiş Ştatlar arasında onsuz da tarıma çəkilmiş münasibətləri daha da gərginləşdirə bilər.

ABŞ kəşfiyyatı Rusiya hökumətini Birləşmiş Ştatların prezident seçkisinə müdaxilədə ittiham edir.

"Kaspersky Lab" "Wall Street Journal" qəzetində dərc olunmuş məqalə ilə bağlı oktyabrın 5-də verdiyi bəyanatda bildirir ki, iddia olunan informasiya oğurluğu ilə heç bir əlaqəsi yoxdur. Bəyanatda deyilir ki, “Kaspersky Lab şirkətinin geosiyası çarpışma burulğanına düşməsi təəssüf doğurur”.

ABŞ Senatı Silahlı Qüvvələr Komitəsinin üzvü senator Ben Sasse deyib ki, “əgər bu xəbərlər həqiqətdirsə, MTA başını qumdan çıxarıb özünün müqaviləli işçilər problemini həll etməlidir”.

Rusiya 2013-cü ildə MTA-nın məxfi informasiyalarını faş etmiş müqaviləli casus Edvard Snoudenə siyasi sığınacaq verib.

Azadlıq Radiosu