XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2017 - 00:29

Rusiya ilə ABŞ arasında casus qalmaqalı böyüyür- Kreml də ABŞ mediasını sıxışdıracağıyla hədələdi

Rusiya dövlət media qurumlarının Birləşmiş Ştatlarda sıxışdırılmasına cavab olaraq, ABŞ mediasının Rusiyada fəaliyyətinə məhdudiyyətlər qoyula bilər.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov oktyabrın 6-da deyib. 

O bildirib ki, Rusiya media qurumlarının qısnanması davam edərsə, Moskva da cavab prinsipi ilə müvafiq addımlar atılmasını istisna etmir.

ABŞ hüquq-mühafizə orqanları Rusiyanın azı iki dövlət mediasının – "RT" kanalının (Russia Today) və "Sputnik" xəbər saytının Amerikadakı fəaliyyətini araşdırır.

Rusiya hökuməti tərəfindən maliyyələşdirilən "RT", ABŞ kəşfiyyatının materiallarına görə, Birləşmiş Ştatlarda 2016-cı ilin prezident seçkisinə təsir göstərməyə çalışan Moskvanın ilkin vasitələrindən biri olub.

Bunun ardınca Vaşinqtonda "RT" və "Sputnik" agentliyinə qarşı 79 illik tarixi olan qanunun tətbiqinə çağırışlar edilib. Bu qanunun ilkin məqsədi nasist təbliğatının qarşısının alınmasıdır. Sovet dövründə bəzi rusdilli media, o cümlədən TASS və "Pravda" ABŞ-da xarici agent statusunda qeydiyyatdan keçməli idi.

Son həftələrdə ABŞ xəfiyyələri iki Rusiya media qurumunun keçmiş əməkdaşlarından ifadələr alıblar. Bu dindirmələr zamanı əsas suallar "RT" və "Sputnik"də redaksiya qərarlarının qəbul edilməsi tərzinə və menecmentə aid idi.

Ötən ay "RT"-nin baş redaktoru Marqarita Simonyan demişdi ki, Vaşinqton rəsmiləri telekanala ABŞ-da FARA kimi tanınan qanuna müvafiq olaraq xarici agent qismində qeydiyyatdan keçmək göstərişi veriblər.

ABŞ Ədliyyə Nazirliyi belə bir göstərişin verilib-verilmədiyini nə təsdiq, nə də təkzib edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 5-də deyib ki, Rusiya qanunları da özəl və ya dövlət media qurumlarının əməliyyatları üzərinə məhdudiyyətlər qoymaq imkanı verir.

Oktyabrın 6-da Peskovun verdiyi bəyanat Zaxarovanın bu şərhi ilə üst-üstə düşüb. O deyib: “Bizim ABŞ-dakı kütləvi informasiya vasitələrimizin normal işinə imkan verilmir və bu, ifadə azadlığının pozulması olaraq qeyri-məqbuldur”.

Simonyansa oktyabrın 5-də bildirmişdi ki, telekanalın ABŞ-da çalışan əməkdaşları rəsmi təzyiqlərdən narahat olaraq, işlərini tərk edirlər.

Rusiya parlamenti yuxarı palatasının millət vəkillərindən Andrey Klimov deyib ki, o və başqa deputatlar ABŞ mediasına qarşı “simmetrik addımların” atılmasına dair dövlət orqanları qarşısında təşəbbüs qaldırıblar.

Klimov Fontanka.ru saytına deyib ki, Rusiyada 40-dək Amerika media qurumu fəaliyyət göstərir və o, bir ekspert kimi, ilk növbədə rus dilində verilişlər yayan "Radio Svoboda" kimi qurumların fəaliyyəti ilə əlaqədar suallar qoymaq istərdi.

"Radio Svoboda" Azadlıq Radiosununs rusca bölümüdür.

Azadlıq Radiosunun prezidenti Tomas Kent oktyabrın 6-da ABŞ Helsinki Komissiyasının qarşısında ifadə verərkən deyib ki, Rusiyada Azad Avropanın radio və televiziya yayınlarının üzərinə sərt məhdudiyyətlər tətbiq edilir.

Kent vurğulayıb ki, buna rəğmən Rusiyanın media qurumları Birləşmiş Ştatlarda sərbəst fəaliyyətlə məşğuldur. O əlavə edib ki, Moskva Azadlıq Radiosunun nüfuzundan narahat olduğu üçün ona çoxsaylı əngəllər törədir.

Tomas Kent bildirib ki, bütün bu təzyiqlərə baxmayaraq, Azadlıq Radiosunun Moskva bürosu və Rusiyanın başqa yerlərindəki müxbirləri fəaliyyətlərini davam etdirirlər.

Ötən həftə Rusiyada kütləvi-informasiya vasitələrinə nəzarət edən "Roskomnadzor" CNN kanalını ölkənin media qanunlarını pozmaqda ittiham edib.

Dövlət komitəsi bu pozuntunun nədən ibarət olduğunu açıqlamaylıb, lakin CNN telekanalına pozuntuları aradan qadırmaq üçün oktyabrın 11-dək vaxt verildiyi bildirilib.