XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 15:08

Deputatlardan “Kürdistan”ı dəstəkləyən məmurun cəzalandırılmamasına etiraz:"Bu məsələ elə-belə buraxıla bilməz"

"Həmkarlarımla birlikdə qaldırdığımız təşəbbüs kimliyindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, separatizmə dəstək verən hər bir şəxsin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur və bununla əlaqədar artıq müvafiq orqanlara müraciət edilib".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürd Muxtariyyətinin “müstəqilliyinə” dəstək paylaşımlarına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Milli Məclisdə edilən müraciət və çıxışlar rəsmi xarakter daşıyır:

“Bu baxımdan biz həmkarlarımızla birlikdə məsələyə münasibət bildirərkən, əslində rəsmi qurumlara müraciət etdik. Təəssüf ki, indiyə qədər sözügedən şəxslə bağlı heç bir addım atılmayıb və araşdırmanın nəticəsi ilə bağlı millət vəkillərinə məlumat verilməyib”.

Parlamentdə F.Tanirverdiyevi separatizmə dəstək verdiyi üçün suçlayan və onun cəzalandırılmasını tələb edən digər deputat – Fazil Mustafa isə Axar.az bildirib ki, sözügedən məsələnin Milli Məclisdə müzakirəsi Baş Prokurorluğa verilən sorğu kimi dəyərləndirilməlidir:

“Həmkarım Vahid Əhmədov başda olmaqla, məsələyə Milli Məclis səviyyəsində münasibət bildirən millət vəkilləri birbaşa Baş Prokurorluğa müraciət etdi. Hesab edirəm ki, Baş Prokurorluq tərəfindən araşdırma aparıldıqdan sonra müraciətimizə cavab veriləcək. Hər halda bu məsələ elə-belə buraxıla bilməz. Çünki gələcəkdə bu kimi hallar təkrarlana, Azərbaycanın düşmənləri istənilən şəxslərin şəkillərini bu cür rahatlıqla paylaşa bilərlər. Bu çox ciddi məsələdir və buna çevik reaksiya verməmək gələcəkdə Dağlıq Qarabağ kimi ağır bir problemi yaşayan Azərbaycana əlavə siyasi narahatlıqlar gətirər”.

Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib.

Azərbaycan rəsmi olaraq İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və dünyada baş verən bütün separatizmlərə qarşı olduğunu bildirib. Dövlətin bu siyasi mövqeyindən sonra bir məmurun separatizmə açıq dəstəyi cəmiyyətdə narahatlıq yaradıb.

Baş Prokurorluq faktı nəzarətə götürdüyünü və araşdırma aparıldığını açıqlayıb.