XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2015 - 18:25

Valyutadəyişmə məntəqələri sabahdan işini dayandırır

Valyutadəyişmə məntəqələrinin bir çoxu dekabrın 31-dən fəaliyyətini dayandıracaq.

Bunu 28 may ətrafında yerləşən bir çox məntəqə satıcıları “BBC Azərbaycanca”-nın müxbiri ilə söhbətdə deyiblər. Onlar bunun səbəbini bankların yanvarın 5-nə kimi tətilə çıxması ilə əlaqələndiriblər.

Bir çox məntəqələrdə dolların alışı 1.60-1.65, satışı isə 1.70-1.72 manatla həyata keçirilib. Rəsmi məzənnə 1.5594 manat olub. 

Mərkəzi Bank bu gün yaydığı açıqlamada yalnız 2016-cı il 5 yanvar tarixi üçün dolların rəsmi məzənnəsini təyin edib.

Hüquqşunas Əkrəm Həsənov bankların və valyutadəyişmə məntəqələrinin bir gün əvvəldən tətilə çıxmasının anlaşılan olduğunu düşünür.

O, Mərkəzi Bankın bunu ehtiyatda olan dollar itkisinin qarşısını almaq üçün etdiyini ehtimal edir: “Amma bu qərar əks-nəticələrə səbəb ola bilər. Hazırkı vəziyyətdə bu, qara bazarın aktivləşməsinə apara bilər. Ona görə indi əsas məsələ qara bazarın qarşısını ala bilməkdir”.

Mərkəzi Bank isə bildirir ki, bayramqabağı bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin olunub. Qurum, alıcıları bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumat və şayiələrə inanmamağa çağırıb.

Bəzi təsdiq olunmamış məlumatlarda iddia edilir ki, məntəqələrə 1000 dollardan artıq məbləği dəyişməmək tövsiyə olunub.

Bu arada, paytaxt ərazisində qanunsuz valyuta mübadiləsi həyata keçirən 5 nəfər saxlanılıb. 

Bakı Şəhər baş Polis İdarəsinin məlumatına görə, onların barəsində inzibati xəta haqqında protokol tərtib olunub.