Azərbaycan ərazisində yağan qar və şaxtalı hava nəqliyyat və elektrik təchizatı ilə bağlı problemlərə səbəb olub.
Hava şəraitinə görə Bakının bəzi rayonlarında nəqliyyat problemlərinin yarandığı xəbər verilsə də, qarın əriməsi bu çətinlikləri aradan qaldırıb, rəsmilər bildirir.
“Hazırda Bakının inzibati ərazisinə aid küçə və prospektlərdə vəziyyət normaldır, nəqliyyat vasitələrinin istənilən istiqamət üzrə hərəkət etməsi mümkündür”, – trend.az-a Bakı Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Vaqif Əsədov məlumat verib.
çovğun Bakı-Balakən qatarının hərəkətinin dayandırılmasına səbəb olub. “Azərbaycan Dəmir Yolları” idarəsi bildirir ki, Qaxda dayandırılmış qatarın hərəkəti yol təmizləndikdən sonra bərpa edilə bilər.
“Hal-hazırda orada əlverişsiz hava şəraiti hökm sürür, lakin bütün bunlara baxmayaraq ora texnika cəlb olunub qarın təmizlənməsi işləri gedir”, – qurumun nümayəndəsi Nadir Əzməmmədov apa.az-a bildirib.
Yolların buz bağlaması və qar örtüyü bəzi yaşayış məntəqələrilə avtomobil əlaqəsini kəsib. Bu barədə məlumatlar o cümlədən Quba və Gədəbəydən daxil olur.
Quba Fövqəladə Hallar Komissiyasinin sədri Yusif Abidov report.az saytına açıqlamasında kəndlərə yol təmizləyən texnikanın göndərildiyini deyib.
Apa.az agentliyi Ucar rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələrin yarandığını qeyd edir. Meteorologiya mərkəzinə əsasən, “Yeni il” bayramına təsadüf edən qeyri-sabit hava şəraiti həftəsonu da davam edəcək.
Rayonlarda havanın fasilələrlə yağıntılı və şaxtalı keçəcəyi gözlənilir.
“Havanın temperaturu 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Dağlarda 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq”, – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin rəsmi saytındakı proqnozda deyilir.