XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 18:47

Daxili İşlər Nazirliyində görüş –Ramil Usubov Tacikistan səfirini qəbul etdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 18-də Tacikistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Solini qəbul edib.
 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, R.Usubov yeni təyinat münasibətilə onu təbrik edərək ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycan-Tacikistan münasibətlərinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
 
Daxili işlər naziri dövlətlərimiz arasında əlaqələrin tarixinin uzaq əsrlərə təsadüf etdiyini xatırladıb, hər iki dövlət başçısının siyasi iradələri və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
 
Usubov bildirib ki, indi ölkəmiz nəinki MDB, eləcə də Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur. Kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin  əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaradıb. Belə bir fakt da məmnunluqla vurğulanıb ki, son 5 il ərzində Tacikistan vətəndaşlarına qarşı və onlar tərəfindən cinayət hadisəsi qeydə alınmayıb.

Problemlərə toxunan R.Usubov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını bildirib.
 
Səfir Rustam Soli tanışlıq məqsədi daşıyan qəbula və geniş məlumata görə minnətdarlığını bildirərək dövlət müstəqilliyinin bərpası günü münasibətilə R. Usubovu təbrik edib. O, Bakıda böyük quruculuq və abadlıq işlərinin getdiyindən, Azərbaycanın bütün sahələrdə sürətli inkişafından məmnun qaldığını nəzərə çatdıraraq xalqlarımız və dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsinə çalışacağını vurğulayıb, eyni zamanda, transmilli mütəşəkkil cinayətkarlığa, xüsusən onun terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli növlərinə qarşı birgə mübarizə aparılması sahəsində səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib.
 
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də ətraflı müzakirə olunub.