XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 06:09

“Prezident ən azı üç mühim istiqamətdə böyük bir cəbhə açıb” – Deputat

img1889835

ötən həftə prezident İlham Əliyev Bakının Xəzər rayonunun sakinləri qarşısında etdiyi çıxışda və Yeni il münasibətilə xalqa təbrikində islahatlarla bağlı qısa, ancaq kifayət qədər mühüm mesaj verdi. Prezident bildirdi ki, 2016-cı il idarəetmə sahəsində islahatlar “yeni formatda” davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq.

Bir çox ekspertlər prezidentin əslində yeni hökumət quracağının anonsunu verdiyini düşünürlər. 

Strateq.az xəbər verir ki, bu mövzuda “Yeni Müsavat”a danışan deputat Zahid Oruc olduqca maraqlı açıqlamalar verib.

Z.Oruca görə, ölkə başçısının çıxışındakı həmin tezislər 2016-cı il üçün böyük siyasi, iqtisadi dəyişikliklərin anonsu kimi də qəbul oluna bilər: “Birinci növbədə nəzərə almalıyıq ki, ümumiyyətlə, dünyada ənənəvi iqtisadi sikllər, inkişaf modelləri dəyişir. Bir çoxları bunu yeni iqtisadi era kimi xarakterizə edirlər. Buna adekvat olaraq dünyada geopolitik sistemlərin də dəyişməsi qabardılır. 

Bu, təkcə Yaxın Şərq regionu ilə bağlı deyil. Postsovet məkanında da belə sürətli dəyişmələrin şahidiyik. Avtomatik olaraq istənilən hökumətlər əvvəlki kursla davam edə bilmirlər. Bu, təkcə neft amilinin əvvəlkindən fərqli olaraq güclü bir səviyyədə qalmaması ilə bağlı deyil. Əlbəttə, neftin rolu kifayət qədər böyükdür. Lakin bununla bərabər etiraf etmək lazımdır ki, hər bir xalqın inkişaf xüsusiyyətləri var və qarşıya qoyulmuş vəzifələrə nail olmaq üçün mühüm dəyişikliklər həyata keçirilməlidir. Bu baxımdan ölkə başçısı əslində belə düşünür ki, əvvəlki illərdə atılmış çox sərt addımlar, qərarlar öz nəticəsini daha böyük miqyasda verməli idi. Fakt bundan ibarətdir ki, xırda və orta sahibkarlığın bugünkü iqtisadi təsirlərə daha yaxşı cavab verə biləcəyi məsələsi üzə çıxıb. çünki iri kampaniyalar məlum beynəlxalq konyuktura fonunda duruş gətirə bilmir. Biz bunu sadə dilə çevirsək, SOCAR brendi altında hərəkət etmək, həm xaricdə böyük vəsaitlər qoymaq, eyni zamanda daxildə əsas maliyyələşməni yalnız SOCAR üzərində aparmaq siyasəti öz yerini yeni sahələrə verməlidir”.

Z.Oruc hesab etdi ki, bahalı neft erası bitib: “Onun yerinə həmin o böyük pullara, milyardlara qərar verən hökumətdənsə, yeni sahələrin gücünü qəbul edən, yeni çağırışları öz fəaliyyətində güclü bir şəkildə nəzərə almağı bacaran məmur sistemlərinə ciddi ehtiyac var. Yəni texnologiyalar, qabaqcıl mütərəqqi modellər, hətta aqrar sferada müasir təcrübi sistemləri tətbiq eləməyə çox ciddi ehtiyac var. Sahibkarlıq üzərində müxtəlif tələblər, haqq qoymalar bu gün də var və bütün yerli icra orqanları öz hakimiyyətlərini onların üstündə qurublar. Sahibkarlığı nəfəs almağa qoymayanlardan biri də həmin qüvvələrdir.

üçüncüsü, inhisarçılığın ləğvi önəmli bir məsələ kimi meydana çıxıb. Bu amil və prezidentin məlum çıxışı avtomatik hökumətin özünün içərisində biznesi himayə edən dairələrin öz vəzifələri ilə vidalaşması üçün siqnallar verir. Yəni ya biznesi tutmalısan, ya da idarəetmədə çalışmalısan. Demokratiyanın təriflərindən biri də budur ki, idarə edənlər biznesdə olmamalıdır. 

Dördüncü əsas önəmli məsələ idxal və ixrac əməliyyatında liberallaşmaya nail olmaqdır. Yəni əslində manatın neft çəlləyindən azad olmağını istəyiriksə və bunu maliyyə-bank termini ilə tənzimlənən üzən məzənnə adlandırmaq istəyiriksə, obrazlı qaydada deməliyik ki, manat Xəzər dənizindən çıxıb ölkə ərazisində üzməyi də bacarmalıdır. Bunun üçün də iqtisadiyyatın ətrafına çəkilmiş buxovlar, divarlar aradan qalxmalıdır. Əks halda, devalvasiyalar qaçılmaz olacaq və beləliklə də bu, hökumətlərin də fəaliyyətinə çox ciddi mənfi təsir göstərəcək. çünki Azərbaycan insanının bu gün ən etimadlı yanaşdığı lider və qüvvə yeganə olaraq prezidentdir. Hər kəs də qərarları məhz ondan gözləyir. Heç bir başqa siyasi qüvvə, şəxs, partiya, hətta hökumətin içindəki şəxslər, o cümlədən parlament təmsilçiləri də belə bir nüfuzun beş-on faizi civarında deyillər. Ona görə də xalq etimadı ölkə rəhbərinə imkan verəcək ki, hökumətdə dəyişikliklərlə paralel, idarəetmə sistemini optimallaşdırmaqla şişmiş aparatlar, böyük kadr korpusları, dövlət hesabına saxlanan maşınlar, texniki xərclər və sairdən azad olunsun. Bir çox qurumlardan tamamilə azad olunmaq mümkündür. Adi departament, şöbə səviyyəsində olacaq təsisatları gətirib biz komitələrə, agentliklərə, hətta nazirliklərə çevirmişik”. 

Deputatın sözlərinə görə, dövlət rəhbəri həm də öz komandasını sınağa çəkib: “Bu fikri açıq söyləmək lazımdır ki, indi qabaqcıl texnoloqlar, neftdən kənar düşünməyi bacaranlar, ağıllarında, şüurlarında, sadəcə, asan pullara qərar verməyənlər, daşımalar sistemi, ölkənin coğrafiyasının üstünlüyündən faydalanmağı bacaranlar və sair kimi əsas menecerlər hazırkı dövrdə daha önəmlidir. Bu mənada icra orqanlarında da geniş dəyişikliklərin olacağını ehtimal edirik. Ən başlıca məsələ ondan ibarətdir ki, iqtisadiyyatın liberallaşması getməlidir ki, Azərbaycan insanı hər gün yuxusundan oyanıb London və ya Nyu-York birjalarında katirofkaları izləmək məcburiyyətindən azad olsun. 

Manatın kursu həmişə ölkədə siyasi sabitlik, təhlükəsizlik kursu kimi olub. Manatın kursu sadə insanları dövlət ətrafında birləşdirə bilib. Neft bumu sönürsə, əsl hökumətlərin vəziyyəti üzə çıxır, əsl peşəkarlar ortaya gəlir. Ona görə də cənab prezidentin çıxışındakı həmin tezisləri 2016-cı il üçün böyük siyasi, iqtisadi dəyişikliklərin anonsu kimi də qəbul eləyə bilərik. Bu mənada əminəm ki, hökumət çox mühüm qərarlar qarşısındadır. Cənab prezident də bu prosesləri aparmağa iradəlidir. Lakin etiraf eləmək lazımdır ki, bu, o qədər asan məsələ deyil.

Yəni cənab prezident ən azı üç mühüm istiqamətdə böyük bir cəbhə açıb. Bir tərəfdən Qarabağ məsələsində dünya erməniçiliyi ilə savaş vəziyyətindədir. İkincisi, siyasi sistemdə dəyişikliklər həyata keçirmək yönündədir. üçüncüsü, iqtisadi sferada böyük dəyişikliklər ərəfəsindədir”.

Z.Orucun sözlərinə görə, bu prosesin kifayət qədər ehtiyatlı aparılması gərəkdir ki, hökumət
müxtəlif siyasi toqquşmalardan kənarda dayana bilsin.