XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Oktyabr 2017 - 21:24

Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusu dəyişəcək –Nazirlər Kabinetində toplantı oldu

Nazirlər Kabinetində mövcud qanunvericilikdə (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa) “əlavə himayə” anlayışının daxil edilməsi təşəbbüsü üzrə görülmüş işlər və nəzərdə tutulan tədbirlərin müzakirəsi ilə bağlı iclas keçirilib.

Strateq.az “Azərtac”a istinadən xəbər verir ki, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio de Angelis Azərbaycan hökumətinə iki məsələ ilə bağlı müraciət edib.

Birinci məsələ üzrə “Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin fərmanı layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur. Bu məsələ demək olar ki, bütün aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb. İ

kinci məsələ isə BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolunda qaçqın anlayışı üçün qoyulan meyarlara uyğun gəlməyən, lakin fundamental insan hüquq və azadlıqlarının qorunması baxımından beynəlxalq himayəyə ehtiyacı olan şəxslər üçün sığınacaq təmin etməklə xüsusi statusun – “əlavə himayə”nin verilməsidir.

Baş nazirin müavini bildirib ki, bununla əlaqədar “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunda dəyişiklik edilməsi məsələsi aidiyyəti qurumlarla müzakirə olunur. Həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına növbəti ildə ödəniləcək ianə məbləğinin artırılması məsələsinə baxılır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio de Angelis çıxış edərək isə bildirib ki, hazırda Azərbaycanda qaçqın statusu almış 63 nəfər var və onlar müvafiq qanuna əsasən “qaçqın” statusu alıblar. Eyni zamanda, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi təşkilata BMT-nin Baş Assambleyası tərəfindən verilmiş mandat əsasında bundan dəfələrlə çox şəxsə beynəlxalq himayəyə ehtiyacı olduqları üçün “qaçqın” statusu verib. Hökumət tərəfindən tanınmış qaçqınlarla birlikdə hazırda sayı 1108 nəfər olan bu şəxslər öz ölkələrini müharibə, geniş yayılmış zorakılıq, insan hüquqlarının kütləvi şəkildə pozulması və digər bu kimi səbəblərdən tərk edərək Azərbaycana gəliblər. Azərbaycan hökuməti BMT QAK tərəfindən bu şəxslərə verilən sənədləri tanıyaraq onların ölkədə olmalarına dözümlülüklə yanaşıb.

İnsan hüquqlarının müdafiəsi üzrə Azərbaycanın qoşulduğu bir çox konvensiyalar və beynəlxalq sənədlər “əlavə himayə” anlayışının qanunvericiliyə daxil edilməsini və bu insanların Azərbaycanda mövcudluğunu leqallaşdırmağı tələb edir. “Əlavə himayə” anlayışının qanunvericiliyə daxil edilməsi ilə bu məsələ öz həllini tapacaq və BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolundan irəli gələn öhdəliklərin icrası olaraq Azərbaycan da bu kateqoriya insanların beynəlxalq himayəsini müvafiq standartlara uyğun şəkildə həyata keçirəcək.

"Yol sənədi"ndən danışan Furio de Angelis bildirib ki, bu sənəd qaçqınlara mənşə ölkələri istisna olmaqla, bütün ölkələrə səfər etmək üçün viza almaq hüququ verir.

Sonra Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev, maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər idarəsinin rəis müavini Seymur Mərdəliyev çıxış ediblər.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri də iştirak ediblər.