İraq Mərkəzi Hökuməti ilə Kürd Muxtariyyətinin lideri Məsud Bərzani arasında danışıqlar başlayır.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər yaxın günlərdə Mosul şəhərində görüşüb, aradakı gərginliyi müzakirə edəcəklər.
Türkiyə mətbuatı xatıradır ki, danışıqlar Bərzaninin üç gün əvvəl İraq Mərkəzi Hökumətinə "Atəşi dayandırmaq, referendumu dondurmaq və İraq konstitusiyası daxilində danışıqlar aparmaq” təklifləri çərçivəsində baş tutacaq:
"Bərzaninin bu təklifindən sonra İraq hökumətinə rəsmi Vaşinqtondan təzyiqər artıb. Məhz Tillersonun araya girməsindən sonra İbadi hökuməti orduya dayanma əmri, Bərzaniyə isə İran və Türkiyə ilə bütün sərhəd məntəqələrini döyüşsüz təhvil vermək üçün 24 saat vaxt verdi. Düzdür, bu gün axşam həmin 24 saatlıq vaxt bitəcək. Amma gözlənilir ki, peşmərgə məntəqələrdən geri çəkilməyəcək. Və bütün məsələlər ABŞ-ın təminatı altında Mosuldakı görüşdə müzakirə ediləcək. Böyük ehtimalla, görüş birinci günü baş tutacaq. Bu müddətə qədərsə, xırda toqquşmalar istisna olunmaqla, tərəflər arasında ciddi qarşıdurma yaşanmayacaq".
Maraqlıdır ki, Tillersonun tərəflərə çağırışı, İbadinin isə orduya "dayanın" əmri verməsindən sonra Kürd Muxtariyyətinin lideri Məsud Bərzani də gözlənilməz addım atıb. O, Bağdadın yeni tələblərini və bölgədəki hərbi əməliyyatları dəyərləndirmək üçün iki gün əvvəl çağırdığı Muxtar Vilayət Məclisinin iclasını bu gün təxirə salıb.
Ərbildən verilən məlumatda bunun səbəbi açıqlanmayıb. Lakin Ərbilə yaxın media bunu Mosulda İraq hökuməti ilə aparılacaq danışıqlarla əlaqələndiriblər.
Qeyd edək ki, məclisin toplantısında Bərzaninin istefa verəcəyi haqda dünənə qədər ən ciddi dairələrdən xəbərlər yayılırdı. Hətta onun yerinə müvəqqəti olaraq məclis sədrinin gətiriləcəyi iddia olunurdu…
Strateq.az