XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 19:39

“Görəndə ki, inzibati tədbirlər səmərə vermir, struktur islahatlarına keçdik” – Prezident

Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin ilin I rübünün sosial-iqtisadi inkişafının nəticələrinə həsr edilmiş iclasındakı yekun nitqi zamanı kənd təsərrüfatı üçün yararlı torpaqların uçotu və bölgələrdə əhalinin elektrik enerjisi ilə təminatında hökm sürən ciddi problemlərdən də danışıb.

Strateq.az xəbər verir ki, İlham Əliyev torpaqların elektron uçotu və qeydiyyatının kənd təsərrüfatının gələcək inkişafı baxımından xüsusi əhəmiyyətini qeyd edib:

“Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılıb. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik”.

İlham Əliyev nitqində ilin birinci rübündə həyata keçirilən daha bir mühüm struktur dəyişikliyindən – “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin bazasında yaradılan “Azərişıq” ASC-dən bəhs edib.

Bildirib ki, bu strukturun yaradılmasında məqsəd regionlarda da elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır:

“çünki son illər ərzində Bakı şəhərində “Bakıelektrikşəbəkə” təşkilatı çox uğurla fəaliyyət göstərirdi. Artıq “Barmek”in dövrü çoxlarının yadından çıxıb. “Barmek” Azərbaycanı nə günə salmışdı?! “Bakıelektirkşəbəkə” o təsərrüfatı öz üzərinə götürənə qədər “Barmek”in təsərrüfatı nə gündə idi?! O günlər çox yaxşı ki, hamının yadından çıxıb. Amma o qaranlıq gecələr hamımızın yadındadır. Yəni gənc nəsil yəqin ki, bunu xatırlamır, heç xatırlamasa yaxşıdır”.

Prezident deyib ki, Bakıda elektrik enerjisi ilə təchizat yüksək səviyyədə olsa da rayonlarda bu sahədə ciddi problemlər var, görüləsi işlər çoxdur. İlham Əliyev müntəzəm olaraq rayonlara səfər etdiyini, bu zaman qaz, içməli su, elektrik enerjisi ilə təchizat sahəsindəki vəziyyətlə maraqlandığını, eyni zamanda başqa mənbələrdən bu haqda məlumat aldığını deyib:

“Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil”.

İlham Əliyev deyib ki, ölkədə çoxsaylı yeni elektrik stansiyaları istifadəyə verilib, yeni enerji gücləri yaradılıb. Lakin ötürücü xətlərdə vəziyyət o qədər də yaxşı deyil:

“Xüsusilə rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir.

Ona görə görəndə ki, bu inzibati tədbirlər səmərə vermir, biz, struktur islahatlarına keçdik. Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaq. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir. Ancaq qarşıya vəzifə qoyulub və mən birinci rübdə bu struktur islahatını xüsusilə vurğulamaq istəyirəm”.

Strateq.az