Virciniya ştatının qubernatoru vəzifəsinə namizəd Ralf Nortam noyabrın 7-də keçirilən qubernator seçkilərində respublikaçı namizəd Ed Gillespi üzərində inamlı qələbə qazanaraq, Prezident Donald Trampa siyasi zərbə endirib. Günün sonunda məlum olub ki, Gillespi 45 faiz, Nortam isə 53 faiz səs toplayıb.
Azərtac xəbər verir ki, Virciniya ştatının nümayəndələr palatasında da çoxluq qazanmış demokratlar vitse-qubernator və baş prokuror vəzifələrinə də sahib olacaqlar. Beləliklə, Prezident Trampın Gillespiyə göstərdiyi siyasi dəstək uğurla nəticələnməyib.
Nortam tərəfdarları qarşısında çıxış edərək deyib ki, demokratların Virciniyada inamlı qələbəsi Amerika xalqına özünəməxsus bir ismarıcdır. Nortam bildirib: “Virciniya bizə səs verməklə parçalanmaya son qoyulmasına, nifrət və fanatizmlə barışmamağa, həmçinin bu ölkəni dağıdan siyasətə son qoyulmasına səs verdi”.
Virciniya ilə yanaşı, demokratlar, həmçinin Nyu-Cersidə keçirilən qubernator seçkilərində də qalib gəliblər. Bu ştatda respublikaçı Kim Quadanyonu geridə qoymuş ABŞ-ın Almaniyadakı keçmiş səfiri demokrat Fil Merfi populyarlığını itirmiş respublikaçı qubernator Kris Kristinin yerini tutacaq. Nyu-York meri Bill de Blazio Respublikaçılar Partiyasının namizədi Nikol Malliotakisə asanlıqla qalib gəlib. Günün sonuna de Blazio səslərin əksəriyyətini – 66 faizini toplayaraq, 27 faiz səs yığmış Malliotakisi üstələyib.
Noyabrın 7-də keçirilmiş seçkilərdə demokratların qələbəsi hər iki partiyanın 2018-ci ilin payızında ABŞ Konqresinə aralıq seçkilərə hazırlığının başlanğıcıdır.