Yerli KİV-lərin məlumatına əsasən, ABŞ konqresi sabiq prezidentlərin pensiyalarının azaldılması haqqında qanunu təsdiqləyib.
Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, amerikalı qanunvericilərin fikrincə, hazırda ABŞ administrasiyasının sabiq başçılarının dövlət tərəfindən maliyyə dəstəyinə ehtiyacı yoxdur. Onlar yazdıqları kitablardan, həmçinin ictimaiyyət qarşısında çıxışlardan milyonlarla dollar qazana bilərlər.
“Hill” nəşri xatırladır ki, eks-prezidentlərin altırəqəmli ədədlə ifadə olunan pensiyalarının miqdarı, habelə onların xidmət personalına əməkhaqqı verilməsi və digər məsrəflərinin ödənilməsi barədə qanun 1958-ci ildə qəbul olunub. Konqresmenlər hesab edirlər ki, artıq buna lüzum qalmayıb.
2017-ci ildə ABŞ-ın sabiq prezidentlərinə ödənilən ümumi məbləğ amerikalı vergi ödəyicilərinə 2,84 milyon dollara başa gəlib.
Yeni qanuna əsasən, sabiq prezidentlərin təqaüdlərinin illik həcmi 200 min dollara qədər, digər məsrəfləri üçün ayrılan məbləğ isə 500 min dollaradək azaldılacaq. Bununla yanaşı, qanun 10 il ərzində bu məbləğin tədricən ixtisar edilərək 250 min dollara endirilməsini nəzərdə tutur.