XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2017 - 17:30

Fəzail İbrahimli:“Ay Fəzail Ağamalı, sənin əkdiklərindir, indi qabağına çıxır”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının “Yeni Müsavat”a verdiyi geniş müsahibədə deputat həmkarı Fəzail İbrahimli barədə dedikləri gündəmi zəbt edib. İki deputatın qarşıdurması sözün həqiqi mənasında ən pik həddə çatıb, ittihamlar bir-birinin ardınca gəlir.

Doğrudur, F.Ağamalı bu istiqamətdə müzakirələrin davam etməsini istəmir və mətbuatda da həmkarı barəsində dediklərini davam etdirmir. Lakin F.İbrahimli dayanmadan mətbuat orqanlarında bir-birinin ardınca AVP sədrinin ünvanına ən müxtəlif iddialarını, ittihamlarını dilə gətirir. O, F.Ağamalının onu namərdlikdə suçlaması ilə bağlı fikirlərinə cavab olaraq onun səviyyəsinə enmək istəmədiyini desə də, bildirib ki, namərdlik də belə məqamlarda, yəni sandıq açılanda, pambıq töküləndə üzə çıxa bilər, mən isə sandığın qapalı qalmasını istəyirəm. Hətta F.İbrahimli onu da deyib ki, əlimdə Fəzail Ağamalıya ziyan verə biləcək məlumatlar var, özünə deyəcəm.

Bundan əlavə, F.İbrahimli qafqazinfo-ya bunları deyib: “ Əsl namərdlik mənim mətbuata məlumat ötürməyimi düşünməkdir. Mən Fəzail Ağamalıdan belə bir hərəkət gözləməzdim, çoxlu stress keçirib, artıq əsəbləri yerində deyil. Onun həyat tərzi ona-buna sataşmaqdır. Mənim üçün deyib ki, kiminsə kölgəsinə sığınmışam. Onun isə heç kölgəsi yoxdur, tikanı var. Kiməsə tikanı batar…”

Həmkarların qarşıdurmasını daha dərinləşdirəcək bu sözlər də ölkə.az-a müsahibəsində F.İbrahimliyə məxsusdur: “Fəzail Ağamalı “Fəzail” adını elə şumlayıb ki, mən uzun illərdir, bu adı təmizləməklə məşğulam. Deputat Ağamalı “Fəzail” adına elə imic verib ki, mən bəzən ayrı-ayrı qurumlarla əlaqə saxlayanda, onlara birinci soyadımı, sonra adımı söyləyirəm. Çünki Fəzail deyən kimi, Ağamalı yada düşür. Fəzailin Fəzail haqqında yaratdıqlarını özüməməxsus formada qorumağa çalışıram. Guya mən bunun kölgəsində yatmışam. Məni də kölgədə yatmaqda ittiham edir. Mən isə deyirəm ki, ay Fəzail Ağamalı, sənin heç kölgən də yoxdur. Sual verə bilərsiniz ki, axı niyə birinci sənin oğlun deyil, Fəzail Ağamalının oğlunun adı çəkilib? Sizcə, səbəb nədir? Çünki ictimai rəydə belə fikirlər var ki, harada mənfi hallar olursa, bunu Fəzail Ağamalıdan şübhələnirlər. Harada pis əməl olursa, Ağamalıdan qaynaqlana bilər. Bax, onun oğlu haqqında yayılan xəbərlərin də kökü məhz bu amillərə görədir. Ay Fəzail Ağamalı, sənin əkdiklərindir, indi qabağına çıxır. Bu fikirləri mən deyil, özün haqqında özün yaradırsan. Ona görə də cəmiyyət hər zaman nə pis əməl olursa, səndən şübhələnir. Ay Fəzail Ağamalı, deyəsən bir neçə il öncə Türkiyədə restoranlardan birində dollarları əlində hara dürtdüyünü unutmusan? Özü də mənim şərəf və ləyaqətimi təhqir edirsən”.

F.İbrahimli əlində həmkarı barədə faktların olduğunu da bildirib: “Tanrıdan arzum odur ki, Fəzail Ağamalı tezliklə sağalsın, işinin başına dönsün və oturub onunla üzbəüz söhbət edim, onunla bağlı içimdəki düşüncələrimi bölüşüm. O zaman Fəzail Ağamalı başa düşsün ki, mən namərd yox, çox mərd adamam ki, bütün bunların hamısını mətbuata ötürmədim, gizli saxladım”.

F.Ağamalı müsavat.com-a açıqlamasında isə 1999-cu ildə “Yeni Müsavat” qəzetində gedən bir şəkildən bəhs edib: “Guya restoranda rəqqasənin əlinə yox, başqa yerinə pulu qoyanda fotoşəkil çəkilmişdi, bu geniş müzakirələrə səbəb olmuşdu. O məsələdə mən dedim ki, bu montajdır, belə bir şey olmayıb. Bunu bir daha dilə gətirməklə Fəzail İbrahimli əslində sandığı açır. Sandığı başqa cür necə açırlar? Onun bir sıra saytlara verdiyi açıqlama ilə tanış oldum. Doğrusu, gözləmirdim ki, onun içərisində haqqında bu qədər kin-küdurət var. Çünki sizin qəzetə verdiyim geniş müsahibədə onun nə şəxsi həyatına toxunmuşdum, nə də onu təhqir etmişdim. Sadəcə olaraq, demişdim ki, bu xəbər mətbuat orqanlarında yayılanda Fəzail İbrahimli cavab verməli idi ki, baş verən hadisənin Fəzail Ağamalının oğlu ilə heç bir əlaqəsi yoxdur, həqiqətən də oğlum yıxılan adama kömək edib, onu xəstəxanaya aparıb. Necə ki, sonradan oğlunun yıxılan adamı xəstəxana aparması ilə bağlı açıqlama verib. Bununla iki gün gedən müzakirələrə son qoya bilərdi. Bax bu olardı mərdliyi, onun mənə həmkar kimi xoş münasibəti. Bu cümləni işlətməyib. Bunu etməyənə mərd yaxud namərd deyirlər, bunu siz müəyyən edin. Fəzail İbrahimlinin ayağı müxalifətdə, əlləri iqtidarın cibindədir. Mövqeyi bu cür insandır. Bununla yenə onu təhqir etmirəm, çünki bu onun həyat tərzidir. Onun stenoqram yazılarını oxuyun, hətta hakim partiyanın təmsilçilərinin iqtidar haqqında dediklərindən daha böyük etiketlərlə iqtidar haqqında fikirlər söyləyib. Hakimiyyət barəsində boğazından yuxarı söylədiyi fikirlər hər kəsə məlumdur. Fəzail İbrahimli mövqeyi olmayan bir insandır. Milli azadlıq hərəkatı başlayanda Fəzail İbrahimli orada yox idi. 1993-cü ildə Sürət Hüseynov qiyam qaldırıb, dövlətçiliyimizi təhlükə altında qoyanda, müstəqilliyimizi xilas etmək üçün Heydər Əliyev hərəkatı başlayanda universitetdə həmkarlarından fərqli olaraq yenə də onun səsi çıxmadı. Ən ciddi anlarda onun mövqeyi olmayıb. Amma hər iki halda mən ortada olmuşam. Fəzail Ağamalının, bəli, tikanlı sözləri var. Tikanlı sözlərim Azərbaycanın istiqlalına qarşı çıxanlara olub”.

F.Ağamalı son 20 ildə həmkarının ünvanına yaxşı və pis mənada heç nə demədiyini də qeyd etdi: “Onun haqqında danışmağa ehtiyac duymamışam, indi də duymurdum. Lakin o artıq şəxsi həyatıma baş vurur, 1999-cu ildə qəzetdə gedən bir şəkli xatırladır. Xatırlatsın, bundan heç bir narahatlığım yoxdur. O zaman söyləmişdim ki, bu foto ilə bağlı mənə hər hansı bir ittihamı, iradı həyat yoldaşım bildirə bilər. Bu səlahiyyətin mənimsənilməsini, demişdim ki, istəməzdim, çünki o səlahiyyət həyat yoldaşıma məxsus idi. Amma indi o, sandığı bu şəkildə açır. Barəmdə nə demək istəyirsə, buyursun, desin. Əgər haqqımda dedikləri dövlətimizin, xalqımızın maraqlarına ziddirsə, xalqım və dövlətimdən dəfələrlə üzr istəməyə hazıram. Kiminsə şəxsi həyatına müdaxilə etmişəmsə, onu çətin vəziyyətdə qoymuşamsa, həmin şəxsdən də üzr istəməyə hazıram. O “açaram sandığı, tökərəm pambığı” fikrini ifadə etməklə özünün kim olduğunu, bu sözlərinin arxasında hansı qeybətin dayandığını açıq şəkildə ifadə edir. Onun açıqlamaları millət vəkilinə yaraşmayan idi. Guya Fəzail adını elə ləkələmişəm ki, bu da o adı təmizləyə-təmizləyə gəlir. Ümumiyyətlə, səni Fəzail İbrahimli kimi ölkədə tanıyan varmı? Bəli, Fəzail adı gələn kimi, ilk ağla mən gəlirəm. Çünki 1988-ci ildən Azərbaycan siyasətindəyəm, bir mövqeyim var, o da hər kəsə bəllidir. Mövqeyim illərlə onu narahat edib və bunun üçün də fürsət axtarıb ki, bu cür fikirlər barəmdə səsləndirsin. Bu məsələnin, açığı, dərinləşməsini istəməzdim. Günlərlə mətbuatın dilindən düşməyən bu cür halların yaşanmasının da tərəfdarı deyiləm. Sadəcə olaraq, onunla üz-üzə gəlmək belə istəmirəm. Çünki o açıqlamaları ilə bütün körpüləri yandırıb. Getsin öz taleyini yaşasın. Mənimlə işi olmasın. Əgər bundan sonra mənimlə işi olsa, xarakterimi yaxşı bilir. Mən yeri gələndə çox amansız oluram. O, bunu çox yaxşı bilir. İstəməzdim ki, bu amansızlığım bundan sonra onun barəmdə dediklərindən sonra ona qarşı tətbiq olunsun. İstərdim ki, bu məsələyə nöqtə qoyaq. Jurnalistlərin marağı var ki, bu məsələni gündəmdə saxlayıb, oxucu kütləsini cəlb etsinlər. İki millət vəkili arasında gedən bu söz-söhbətlər nə ikimizə, nə də Milli Məclisə yaraşmır. Bundan sonra onun nə deməsindən asılı olmayaraq, onun deyəcəklərinə nöqtə qoyuram”.