XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2017 - 20:14

Zimbabvedə son durum:hökumətə sabiq vitse-prezident başçılıq edəcək

Zimbabvenin vəzifədən kənarlaşdırılan vitse-prezidenti Emmerson Mnanqaqva hökumətə başçılıq etmək üçün noyabrın 15-də ölkənin paytaxtı Harare şəhərinə qayıdıb.

Azərtac xəbər verir ki, African News Agency (ANA) agentliyinin yaydığı məlumata görə, bu gün səhər hərbçilər ölkəyə faktiki olaraq 37 il rəhbərlik edən Robert Muqabeni hakimiyyətdən uzaqlaşdırıblar. Onun ev dustağı edildiyi bildirilir.

Noyabrın əvvəllərində Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe hərbçilər arasında dəstəyə malik olan vitse-prezident Emmerson Mnanqaqvanı dövlət çevrilişinə cəhddə ittiham edərək vəzifədən kənarlaşdırmışdı. Mnanqaqva müstəqil Zimbabvenin ilk hökumətinin heyətində dövlət təhlükəsizliyi naziri postunu tutub, 2014-cü ildə isə vitse-prezident vəzifəsinə təyin olunub. Həmin dövrlərdə ali hakimiyyətin mirası məsələsində hakim partiyada parçalanma baş verib: partiya üzvlərinin bir hissəsi Timsah ləqəbli keçmiş nazir Mnanqaqvanı dəstəkləyib, digər hissəsi isə prezidentin həyat yoldaşı Qreys Muqabenin tərəfində dayanıb.

Noyabrın 15-də ölkədə hakimiyyəti ələ keçirən hərbçilər Robert Muqabeni devirmədiklərini, yalnız cinayətkarları cəzalandırmaq istədiklərini iddia edirlər. Buna baxmayaraq, sonradan prezident həyat yoldaşının ölkəni tərk etməsinə icazə veriləcəyi təqdirdə hakimiyyətdən gedəcəyini bildirib.

Xatırladaq ki, hakim “Zimbabvenin Afrika milli ittifaqı – Vətənpərvər cəbhə” partiyasının Silahlı Qüvvələrin komandanı Konstantino Çivenqanı xəyanətdə və qiyama çağırışda ittiham etməsindən sonra ordu ölkənin paytaxtı Harare şəhərində hökumət, parlament və məhkəmə binalarına gedən yolları bağlayıb, şəhərin mərkəzinə zirehli texnika yeridib. Eyni zamanda, yerli mediada yayılan xəbərlərə görə, dövlət teleradio korporasiyasının binası ələ keçirilib, maliyyə naziri İqnasius Çombo və daha bir neçə nazir həbs olunub.

Bundan öncə, noyabrın 6-da Çivenqa vəzifədən kənarlaşdırılan vitse-prezident Emmerson Mnanqaqva tərəfdarlarının təqibini dayandırmaq üçün müdaxiləyə əl atmağa hazır olduğunu demişdi.