XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 12:34

Elm faktları sevər, yorumları deyil

Rizvan Hüseynov gənc araşdırmaçıdır. çox dəyərli araşdırmalarını mən də davamlı izləyir, oxuyur, paylaşıram. özəlliklə də erməni məsələsinin araşdırılmasında durmadan çalışması şəxsən məni çox sevindirir.

Bu gənc araşdırmaçının diqqətimi çəkən və daimi marağıma səbəb olan ən əsas özəlliyi tam obyektiv mövqedən çıxış etməsi, yalnız faktlarla yazmasıdır. Belə olan təqdirdə təbiidir ki, biz onun sözünə güvənməyə bilmərik.

Amma bəzən bu cür araşdırmaçıların yazdıqlarından, tapıntılarından yanlış istifadə edənlər də olur. Təbii ki, xoş məramlı yanaşmanın işığında belə yanlışlar bizə yalnız zərər verə bilər. Necə deyərlər, sözümün canı var.

Qısa müddətdir fəaliyyətə başlamış və demək olar ki, şəxsən mənim də maraq dairəmə daxil olmuş Strateq.az saytında aprelin 12-də “Azərbaycan dili ilə bağlı bütün iddiaları DAĞIDAN tarixi kitab üzə çıxıb – FOTOLAR” başlıqlı qısa bir xəbər oxudum. Bu başlığın və xəbərin məzmununun mənim diqqətimi çəkməməsi mümkün deyil əlbəttə. çünki şəxsən mənim də ən həssas yanaşdığım məsələ haqqındadır.

Xəbər olaraq bildirilir ki, yuxarıda sözünü etdiyim Rizvan Hüseynov nadir bir kitabı aşkar edib ki, orada “Azərbaycan dili” ifadəsi də yer alır. “Qonşularımız. Məlumat kitabçası. Sərhəd tərcüməçisi” adlı əsər 1890-cı ildə S.Peterburqda dərc edilib. Təbii ki, önəmli əsərdir. özəlliklə də tarixinə baxılarsa.

Albert Starçevskinin dərc etdirdiyi kitabda 2 mindən çox Azərbaycan sözü də yer alıb. Anlaşılan odur ki, bu kitab işğalçı rusların yeni torpaqlardakı insanlarla ünsiyyəti üçün nəzərdə tutulub. Ən işlək sözlərin yer aldığı kitabda Rusiyanın güney qonşuları – Azərbaycan, qərbi kürd, şərqi kürd, Gilan, Mazandaran, Kəşan, brax, əfqan, monqol, cunqar (olot), Mançjur və Koreya “dilləri”ndən sözlər də toplanıb. “Dillər” sözünü dırnaqda yazmağım təsadüfi deyil ki, bu haqda aşağıda qeyd edəcəm.

Beləliklə, Rizvan Hüseynov öz tapıntısını sadəcə fakt kimi təqdim edir, heç bir şərh vermir, faktları gücləndirmək üçün fotolar da dərc edir. Yəni normalda istənilən oxucu təqdim edilən görüntüləri və müşayiət mətnini nəzərdən keçirib anlaya bilərdi ki, “Azərbaycan dili” ifadəsi sadəcə coğrafiyadan qaynaqlanaraq işlədilir. Bunu da aşağıda ayrıca qeyd edəcəyik.

Beləliklə, yenidən Strateq.az saytındakı xəbərə qayıdırıq. X.Səfərli imzasıyla yazan müəllif xəbər standartından kənara çıxaraq belə ifadələrə yer verir: “Kitabda birinci olaraq Azərbaycan dili gəlir. Kitabı tərtib edən rus müəllif başlığa nə “tatar”, nə də başqa söz deyil, “Azərbaycan dili” yazıb. Bu nadir kitab erməni qonşularımızın tariximizlə bağlı təhriflərinə qarşı ciddi sübutdur. çünki ermənilər və onlara züy tutan bəzi elmi dairələr 19-cu əsrdə “Azərbaycan dili” və “azərbaycanlı” anlayışının olmadığını idda edərək bu adın guya 20-ci əsrin ortalarında formalaşdığını vurğulayırlar”.

Fikir verirsinizsə, xəbər kimi təqdim edilən jurnalistika məhsulundə ayrıca yoruma yer verilib. üstəlik, bu yorum bir qədər də kobud tərzdə (“ermənilər və onlara züy tutan bəzi elmi dairələr”) təqdim edilib.

Digər bir məqam isə ondan ibarətdir ki, kontekstdən çıxarış edilməklə Rizvan Hüseynovun tam obyektiv və elmi əsaslı tapıntısından sui-istifadəyə yol verilir. Məsələ ondadır ki, bu gənc alimin öz saytında rus dilində yaydığı əsas xəbərə başqa mənbədən əlavə edilmiş şəkildə açıq mətnlə qeyd edilir ki, Azərbaycanlıların dili türkmən dilidir və bu dil Türk dililə o qədər bənzərdir ki, onları bir-birindən ayırmaq belə mümkün deyil. Həqiqətən də kitabın təqdim edilən vərəqlərində bugünkü Azərbaycan dilindən daha çox Türkiyə türkcəsinə uyğun sözləri görmək mümkündür. örnək üçün, bizim geniş şəkildə “eynək” dediyimiz nəsnə burada “gözlük” kimi təqdim edilir. Yaxud da “şalvar” “pantalon”, “paroxod” “vapor” (hazırda Türkiyədə “vapur”), “əlcək” “əldivən”, “səfir” “ilçi” kimi verilir.

Yəni anlaşılan odur ki, sözlüyün tərtibçisi A.Starçevski o dönəm üçün Azərbaycanda işlədilən sözlərlə Osmanlıda işlədilən sözlərin fərqinə belə varmadan bu cür təqdim edib. Bu da təbiidir. çünki onun müasiri sayılan böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir də o dönəmdə deyirdi ki,

“Mümkün iki dil bir-birinə tərcümə, əmma
Osmanlıcadan türkə çevirmək nə demək, bunu bilməm”.

Bir haşiyə çıxaraq qeyd edim ki, Starçevskinin müasiri Sabir Osmanlıca deyəndə Osmanlı İmperiyasındakı dili, türkcə deyəndə isə özünün yaşadığı ana Vətəni Azərbaycanın dilini nəzərdə tuturdu.

Bəli, “Azərbaycanın dili”! Elə Starçevski də “Azərbaycan dili” deyəndə “Azərbaycanın dili”ni nəzərdə tutur! Amma X.Səfərli adlı yazar bunun fərqinə varmayıb. Yaxud da mümkündür ki, sadəcə o qədərini düşünə bilməyib. Biz isə niyə bu qənaətə gəldiyimizin əsaslarını təqdim edirik.

1. Kitabın adına diqqət: “Qonşularımız. Məlumat kitabçası. Sərhəd tərcüməçisi” (“Наши соседи. Справочная книжка. Пограничный переводчик”). Yəni sözlük Rusiyayla qonşu olan coğrafiyadan qaynaqlanaraq tərtib edilib. O qonşulardan biri də, təbii ki, Azərbaycandır və onun dilindən coğrafiya olaraq söhbət gedir.

2. Təqdim edilən dillərin siyahısına diqqət: “Azərbaycan, qərbi kürd, şərqi kürd, Gilan, Mazandaran, Kəşan, brax, əfqan, monqol, cunqar (olot), Mançjur və Koreya”. Sonuncu dördüylə heç bir tanışlığım olmadığı üçün onlar haqda heç nə demirəm. Amma ora qədərki bütün “dil adları”nın qondarma olduğunu əminliklə qeyd edirəm. Düzdür, dilçilər iddia edə bilər ki, gilan, mazandaran və hətta kəşan “dilləri” müstəqil dil kimi təqdim edilir. Amma məsələ ondadır ki, ilk ikisi sadəcə fars dilinin dialektləri, digəri isə hətta yəhudi (ivrit) dilinin bir qoludur. Brax dilinə gəlincə, ümumiyyətlə belə bir dil yoxdur. Amma ehtimal etmək olar ki, bu da yəhudilərə aid bir şivədir. Ən önəmlisi isə odur ki, “Azərbaycan dili” kimi “əfqan dili” ifadəsi də işlədilir. İş ondadır ki, Azərbaycanda da bir çox insanlar düşünür ki, Əfqanıstanın dili “əfqan dili”dir. Amma məsələ ondadır ki, ümumiyyətlə bu adda dil yoxdur! Əfqanıstanda sadəcə iki dil – puştu və dari dilləri əsas rəsmi dillər, Türk dilləri (özbək və türkmən) isə üçüncü rəsmi dildir! Əfqanıstan Konstitusiyasında məhz “Türk dilləri” yazılır! Kürd dilinin qərb və şərq qollarına gəlincə, təbii ki, burda da dialektlər nəzərdə tutulur. Zatən Starçevski özü “dialekt”, “şivə” anlamında «наречие» ifadəsindən istifadə edir.

3. Və ən əsası: sözlük Metsofanti (Mezzofanti) metoduyla tərtib edilib! Bunun açması isə o deməkdir ki, tərtibçi kitabı sözü gedən dillərin canlı daşıyıcıl
arıyla ünsiyyət əsasında tərtib edib! Yəni “Azərbaycan dili” ifadəsi də burdan qaynaqlanır. İki mindən artıq Azərbaycan sözünü kitaba daxil etmək üçün Starçevski Metsofanti metodunun tələbi gərəyincə bir və ya bir neçə Azərbaycanlıyla canlı ünsiyyətdə olub. Onun burdakı əsas marağı elmi bir əsər yox, sadəcə olaraq sərhədçilər üçün işlək bir sözlük yaratmaq olub ki, o da kitaba daxil etdiyi dillərin necə adlanmasının fərqinə belə varmayıb. Sadəcə olaraq onların işləndikləri coğrafiyanı dilin adı kimi təqdim edib.

4. Bunlardan əlavə, xəbər yazarının təqdim edilən şəkillərdəki bu mətnə diqqət yetirməsi lazım idi: “Şirvanda hakim dil, ümumən Azərbaycanda istifadə olunan və bizdə adətən Tatarca adlandırılan Türkmən dilidir; o, Türkcə ilə elə bənzərdir ki, hər iki xalq bir-birini anlaya bilir. Güney Qafqazda Türki, yəni Türkcə adlandırılan bu dil ərəb və fars sözlərilə zənginləşərək yüksək ahəngdarlığı və rəvanlığıyla seçilir; əgər bura onun öyrənilməsinin asanlığını da əlavə etsək, onun orada, Avropada fransızca kimi istifadə olunan bir dil olması heyrətləndirməz”. Mümkündür ki, X.Səfərli xəbəri yazarkən mənbə kimi Rizvan Hüseynovla yanaşı (“Словарь азербайджанского языка, изданный в XIX веке”) Samara Vilayəti Azərbaycanlılar Liqasının “Ocaq” qəzetindən də yararlanıb. çünki eyni xətt hiss olunur. Deməli, eyni zamanda həmin o “Ocaq” qəzetinin də niyə belə iddialarla çıxış etməsi araşdırılmalıdır. X.Səfərlinin isə niyə sevinclə bunu tirajlayıb üstəlik də qəzetin “ermənilər” ifadəsinə bir də “züy tutanlar” əlavə etməsi maraqlıdır. Sanki bu adam uzun illərdir içində gizlətdiyi, amma deməyə fürsət tapmadığı bir məsələni ilk imkanda dışarı püskürür. özü də belə kobud, qeyri-elmi şəkildə.

5. Bütün deyilənlərin işığında özəl olaraq bu əsərin elmi deyil, sadəcə “praktik məlumat kitabçası”olmasını bir daha vurğulamaq istərdik.

Son olaraq qeyd edim ki, doğrudan da tarixin heç bir dönəmində “Azərbaycan dili” ifadəsi olmayıb. Sadəcə olaraq bir neçə, özü də az saylı əsərdə “Azərbaycanın dili” anlamında bir ifadə işlədilib. Necə ki, bunu Starçevski edib. Bu gün bizim dövlət dilimiz kimi Konstitusiyada əks edilən dil Stalin dönəmində belə adlanmağa başlayıb və faktiki olaraq oturuşub. Yəni bu ifadənin tarixi heç yüz il də deyil. Amma çoxsaylı tarixi qaynaqlarda bu dilin türkcə olduğunu sübut edən minlərlə fakta rast gəlmək olar. ümumiyyətlə isə belə bir sübuta ehtiyac belə yoxdur. çünki əgər biz Doğu Türküstandan ta Balkanlara, Güney Azərbaycandan Krıma qədər bir coğrafiyada bu dilimizdə danışaraq ünsiyyət qura biliriksə, daha nəyi sübut etmək lazımdır ki? Ona görə də “ermənilərə züy tutanlara” acıq verməyə tələsmək lazım deyildi. Necə deyərlər, elm faktları sevər, yorumları deyil…

Azər Həsrət, [email protected]
özəl olaraq Strateq.az üçün