XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

23 Dekabr 2017 - 14:44

Məhkəmə:"Donald Tramp immiqrasiya barədə fərmanı imzalayarkən səlahiyyətlərini aşıb"

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərinin 9-cu dairə məhkəməsi Prezident Donald Trampın sayca üçüncü immiqrasiya fərmanının Amerika liderinin səlahiyyətləri çərçivəsindən kənara çıxdığı qərarına gəlib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə dekabrın 22-də məhkəmənin saytında dərc olunan qətnamədə deyilir.

Sənəddə qeyd olunur ki, hazırkı administrasiya ABŞ ərazisinə daxil olmaları üçün qadağa qoyulan ölkələrin əhalisinin təhlükəsizliyə təhdid törətmələri barədə inandırıcı sübutlar təqdim etməyib. Bundan başqa, qərarda nəzərdə tutulan tədbirlər ABŞ-la sıx əlaqələri olan insanlara tətbiq edilməməlidir. Həmçinin sənəddə deyilir ki, ABŞ Ali Məhkəməsinin son qərarı olmadan həmin fərmanın heç bir qüvvəsi yoxdur. Beləliklə, hazırda apellyasiya məhkəməsinin qərarı yalnız formal xarakter daşıyır.

Qeyd edək ki, Donald Tramp prezident vəzifəsinin icrasına başlayan kimi yeddi ölkənin – İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a daxil olmalarına 90 günlük qadağa tətbiq edən fərman imzalayıb. Sonradan İraq bu siyahıdan çıxarılıb. Bunun ardından bir neçə federal məhkəmə fərmanın icrasını dayandırmaq qərarına gəlib. İyun ayında ABŞ Ali Məhkəməsi immiqrasiya fərmanının fəaliyyətini qismən bərpa edib.

Sentyabrın 24-də Tramp məhdudiyyət qoyulan ölkələrin siyahısında dəyişiklik edən yeni fərman verib. Bura Venesuela, KXDR və Çad daxil edilib, Sudan isə siyahıdan çıxarılıb. Sənəd qüvvəyə mindikdən bir sutka sonra Qonoluludakı federal məhkəmə tərəfindən onun icrası dayandırılıb.

Noyabrın 13-də 9-cu dairənin apellyasiya məhkəməsi fərmanın qismən qüvvəyə minməsinə icazə verib. Məhkəmənin qərarına əsasən Amerika hakimiyyəti 6 ölkənin (İran, Yəmən, Liviya, Suriya, Somali və Çad) ABŞ-la ailə bağları olmayan vətəndaşlarının Birləşmiş Ştatlara daxil olmasını qadağan edə bilər. Dekabr ayında isə Ali Məhkəmə immiqrasiya fərmanının fəaliyyətini bərpa edib, lakin bu məsələ ətrafında məhkəmə çəkişmələri hələ də bitməyib.