"Əgər Tehranda sabitliyin pozulması ilə bağlı indiki vəziyyət davam etsə, ölkə rəsmiləri məsələ ilə əlaqədar bir sıra qərarlar qəbul edərək, işi bir yolluq bitirəcəklər".
Bu sözləri SEPAH-ın “Sarəllah” qərargahı komandanının canişini İsmayıl Kövsəri deyib.
“Tehrandakı etirazların qarşısını almaq üçün hüquq-mühafizə qüvvələri tərəfindən hələlik bizə müraciət olunmayıb. Lakin əgər onlar bizdən yardım istəsələr, SEPAH-ın “Sarəllah” qərargahı, ölkənin Ali Milli Təhlükəsizlik Şurasının bundan əvvəl qəbul etdiyi qərarlarına uyğun olaraq, işə qarışacaq və hüquq-mühafizə qüvvələrinin yardımına başlayacaq”, – Kövsəri bildirib.
Xatırladaq ki, bir müddət əvvəl İranın Məşhəd şəhərində başlayan və 20-dən çox şəhərə yayılan etirazlar nəticəsində 27 nəfərin öldüyü, 300 nəfərin xəsarət aldığı, 700-dən çox adamın həbs olunduğu deyilir/Axar.az.