"Türkiyə Suriyada hərbi əməliyyatları terror təhdidi aradan qalxanadək davam etdirəcək".
Bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Geren Yazgen yanvarın 25-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyənin Suriyanın Afrin bölgəsində "Zeytun budağı" adı altında başlatdığı antiterror əməliyyatı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həyata keçirilir: "Bu əməliyyat Suriyada yaşayan kürd xalqına qarşı deyil, terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olan PYD və YPG-yə qarşı yönəlib. Bu, Türkiyənin yalnız Suriyada sülhün təmin olunmasına dəstək əməliyyatıdır".
Səfir deyib ki, PKK beynəlxalq səviyyədə tanınmış terror təşkilatıdır: "Bu təşkilat artıq öz hüdudlarından kənara çıxaraq daha geniş ərazilərdə terror aktları həyata keçirməyə başlayıb. Bu da Türkiyəni ciddi narahat edir. Çünki bu terror aktları Türkiyə üçün də bir təhdiddir".
Report