Bu gün saat 19:17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəssisələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Strateq.az-a verilən məlumata görə, hadisə ümumi sahəsi təqribən 250 kvadratmetr olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib.
Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Alov saat 20:08-də söndürülüb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək.
***
Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib.
Strateq.az Report-a istinadən xəbər verir ki, Bakının Xətai rayonundakı "Radioquraşdırma zavodu" İstehsalat Birliyində baş vermiş partlayış yanğınla müşayiət olunur.
Əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub. "Radioquraşdırma zavodu" İstehsalat Birliyinin ətrafındakı yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən verilən məlumata görə, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Qafqazinfo"ya bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Hər ehtimala qarşı təcili yardım əməkdaşları hazırda hadisə yerindədirlər.