XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 18:15

“Erməni və Azərbaycan icmaları arasında dialoqun qurulması vacibdir” –Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparılıb və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Avropa İttifaqı və Azərbaycan arasında enerji sektoru ilə bərabər, təhlükəsizlik və nəqliyyat sahəsində dialoq mexanizminin yaradılması əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirilib. 

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlara toxunublar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbəti məlumatlandıran Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib.

Elmar Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmaları arasında dialoqun qurulmasının vacibliyini qeyd edib və Ermənistanın hər vəchlə bu kimi təşəbbüslərə qarşı çıxdığını deyib. 

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.