XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Fevral 2018 - 17:54

Avropa İttifaqı Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirdi –Bəyanat

Avropa İttifaqı KXDR-ə qarşı ticarət məhdudiyyətlərinin gücləndirilməsi və şimali koreyalı işçilərin geri göndərilməsi də daxil olmaqla sanksiyaları sərtləşdirib.

Bu, Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində yayılan bəyanatında bildirilir.

Yeni tədbirlər KXDR-ə bütün növ neft məhsullarının kommersiya ixracatına tam qadağa qoyulmasını, həmçinin Aİ ölkələri tərəfindən humanitar ehtiyaclar üçün Pxenyana göndərilə biləcək yanacağın maksimal həcminin ildə 2 milyon bareldən 500 min barelə qədər azaldılmasını nəzərdə tutur. Avropa İttifaqı KXDR-dən bütün növ qida və kənd təsərrüfatı məhsullarının, həmçinin daş və taxta idxalını tam qadağan edib. Eyni zamanda, bu ölkəyə bütün növ sənaye avadanlıqlarının, yük maşınlarının, həmçinin dəmir, polad və onların ərintilərinin və digər metalların ixracı qadağan olunub.

Aİ Şurası, həmçinin 24 ay ərzində Avropa İttifaqı ölkələrində müqavilə üzrə işləyən bütün KXDR vətəndaşlarının repatriasiyası barədə qərar qəbul edib.

Xatırladaq ki, Koreya yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın 2017-ci il noyabrın 29-da keçirdiyi qitələrarası raket sınağına cavab olaraq dekabrın 22-də bu ölkəyə qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirən qətnamə qəbul edib. Sənəd Pxenyana xam neftin və neft emalı məhsullarının çatdırılmasına yeni məhdudiyyətlər qoyur, həmçinin 24 ay ərzində bütün koreyalı işçilərin vətənlərinə göndərilməsini tələb edir. Bu tədbirlərin Pxenyanı nüvə silahının sonrakı inkişafı və onun çatdırılması imkanlarından məhrum edəcəyi gözlənilir/Azərtac.