XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 13:56

Palatada daxili ziddiyyət pik həddə çatıb: Rüfət Aslanlı iclaslara qatılmır? –Sensasion iddialar

Ölkə telekanalları guya bankların insafa gələrək vətəndaşlara daha əlverişli şərtlərlə kredit təklif etdiklərini tirajlayaraq yeni – yeni qurbanlıq axtarışına çıxıb. İddia edilir ki, əvvəllər müştərilərə təklif edilən (istehlak kreditindən tutmuş sahibkarlıq subyektlərinə verilən irihəcmli kreditlərədək) 28-35 faizlik kreditlərin faizi xeyli aşağı salınıb və artıq 22 faizə də banklardan kredit götürmək mümkündür.

Telekanallar bunu az qala muştuluq kimi tamaşaçıya sırısalar da onu da etiraf edirlər ki, bankaların yumşalmasına əsas səbəb kredit üçün onlara edilən müraciətlərin kəskin şəkildə azalmasıdır və buna görə də banklar məcburiyyətdən digər banklarla rəqabətə gedərək müştəri cəlb etmək üçün aşağı faizlər təklif edirlər. 

Amma təbii ki, nəinki iqtisadçı ekspertlər və bank sahəsi üzrə tanınmış mütəxəssislər, hətta sıravi məmləkət insanının yeddidən yetmişədək hamısı ölkənin bank sektorunun hələ də qara zolaqdan çıxmadığını bilir və gündəlik həyatında bunu hiss edir. Sual olunur, bank sektorunu cənginə almış və sarmaşıq kimi milyonlarla vətəndaşımızın boğazına dolanaraq onu hər gün sıxan vaxtı keçmiş kreditlər məsələsi nə zaman çözüləcək?

Axı bu problemin çözülməsi üçün bir neçə il əvvəl adı cingiltili səslənən dürlü-dürlü qurumlar təsis edildi və təyinatlar gerçəkləşdirildi. Əgər bütün bu tədbirlərin heç bir faydası olmayacaqdısa, onu yaratmağa gərək vardımı və əgər bütün bu həngamələrdən sonra da bank sektorunda sular hələ də durulmayıbsa və yaxın gələcəkdə durulacağına da kimsənin ümidi qalmayıbsa, o zaman buna kimsə cavab verməli deyilmi?

Özü də cabab verəcək səlahiyyət sahibləri və təyinat almış şəxslərdən haqq – hesab sorulması tam ədalətli olar və bu heç bir halda günah keçisi axtarmaq kimi yozula bilməz. Çünki ortada ölkə rəhbərinin iradəsi varsa və o etibar edib kimlərəsə bu problemin həllini həvalə edibsə, bu şəxslər də ya zəlzələdən, ya vəlvələdən bu etimadı doğrulda bilməyiblərsə, demək ya özləri istefa ərizələrini üzüsulu təqdim etməli, ya da başqa cəzalandırma metodu ilə görəvlərindən alınmalıdırlar. Təbii ki, Azərbaycanda hələ istefa mədəniyyəti formalaşmayıb və barmaqla sayıla biləcək istisnalarla heç bir məmur dədəsindən qalma əmanətlə dəyişik saldğı kreslosunu könüllü təhvil verməyib və bu minvalla hələ yaxın onillikdə belə bir mədəniyyət nümunəsi göstərən məmuru görmək məmləkət insanına nəsib olan xoşbəxtlik deyil…

Cəmisi 40 gündən sonra ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək və hətta İlham Əliyevin reytinqi 99, 9 faiz olsa belə, hətta onun seçkiqabağı təbliğat-təşviqata zərrə qədər ehtiyacı olmasa belə, hər bir komanda üzvünün, illah da həmin komanda üzvünə milyonların deyil, milyardların taleyi həvalə olunubsa, onun borcudur ki, qolunu çırmayaraq bu işə öz töhfəsini versin. Məmurun İlham Əliyevə verə biləcəyi töhfə nə ola bilər? Təbii ki, dövlətdən və hakimiyyətdən narazı olan elektoratın könlünü almaq və bu və ya digər səbəbdən İlham Əliyevdən incik salınmış on minlərin, yüz minlərin problemlərinin həllinə kişiyana girişmək. Əgər milyonlarla kredit borcu olan vətəndaşdan söhbət gedirsə, o zaman  bank sektoruna rəhbərlik edən məmurların tutaq ki, fövqəladə hallar və ya ekologiya və təbii sərvətlər nazirindən daha çox imkanı var ki, İlham Əliyevin gerçəkdən yekdilliklə dövlət başçısı seçilməsi üçün bacarığını ləyaqətlə, namusla ortaya qoysun.

Amma biz nəyi müşahidə edirik?

Bu sahəni nəzarətdə saxlamalı olan qurumların özlərinə nəzarət etmək üçün daha bir strukturun yaradılması zərurətini. Elə götürək Maliyyə Bazarlarına Nəzarət Palatasını. Bu palata yarandığı gündən bu günədək maliyyə bazarlarına lazimi qaydada nəzarət edə bildimi?

Tərəddüd etmədən iddia etmək olar ki, yox. Əksinə, hər vəchlə bu sektorda vahimə və çaşqınlıq yaradılması istiqamətində şeşidli ssenarilər həyata keçirildi və nəticədə bir neçə bank sıradan çıxarıldı, milyonlarla vətəndaş banklarla sonu görünməyən münaqişələrə, çəkişmələrə sürükləndi. Palatanın iddialı rəhbəri Rüfət Aslanlı işə başlar-başlamaz atdığı bəzi addımlarla hakim komanda daxilində və cəmiyyətdə qınaq hədəfəinə çevrildi. Bu azmış kimi onun fəaliyyətindən narazılıq o həddə çatdı ki, ötən ilin yayında prezidentin masasının üstünə növbəti bir sərəncam hazırlanıb qoyuldu və Palatadakı bütün səlahiyyətlər qurumun icraçı direktoru İbrahim Alışova həvalə edildi. Sonuncunun da bank sektorunda kifayət qədər tanınan və peşəkarlığı ilə seçilən bir şəxs olmadığı, ən azından cəmiyyətdə kifayət qədər tanınmadığı da öz sözünü dedi və son nəticədə vəziyyətin ən azı qənaətbəxş olmaması heç də hər şeyin yerində olmadığının bariz sübutu ola bilər. 

Əlbəttə, heç kimə sirr deyil ki, bank sektorunun başının üzərini almış kabusu dağıtmaq bütövlükdə bu sektora nəzarət edən səlahiyyət sahiblərinə müyəssər olan məsələ deyil. Amma eyni zamanda o da etiraf olunmalıdır ki, dövlət başçısı səviyyəsində taleyüklü qərarların qəbulu üçün məhz münbit zəmin hazırlamaq və prezidenti buna inandırmaq bu sahəyə nəzarət edən və ya etməli olan mötəbər şəxlərin borcu və birbaşa vəzifəsi idi. Amma görünür, kimsə dövlət başçısını inandıracaq arqumentlərə sahib ola bilməyib və  bununla da milyonlarla kredit borclularının intizarla gözlədiyi “amnistiya” qərarı hələ də çıxmayıb. 

Əvəzində iş o yerə çatıb ki, palatadakı son iclaslar da məhz İbrahim Alışovun rəhbərliyi altında keçirilib və ümumiyyətlə Rüfət Aslanlının bu iclaslarda iştirak edib-etmədiyi barədə məlumatların da sanki gizli saxlanılmasına üstünlük verildiyindən ictimaiyyətə bu barədə hər hansı məlumat, yaxud fotosübut təqdim edilməyib.

Sual olunur, Rüfət Aslanlı nədən inciyib-küsüb ki, iclaslara qatılmır? Yaxud onu rəhbəri olduğu qurumda niyə belə ofsayt vəziyyətinə salıblar və o, bu aqibətlə barışıbmı? Barışmayıbsa nəyi gözləyir?

Ola bilsin ki, sabah Rüfət Aslanlı başqa bir dövlət strukturunda yüksək vəzifəyə, ən azından tutaq ki, vergilər nazirinin müavini postuna iddia etsin. Niyə də yox?

Amma inandırıcı olmayan odur ki, o, rəhbərlik etdiyi qısa zamanda təkcə kredit bataqlığında çabalayan yüz minlərlə sadə insanlar arasında deyil, hakim komanda da özünə xeyli düşmən qazanmağa macal tapıb. Ona görə də Rüfət Aslanlının ulduzunun növbəti dəfə parıldayacağı inandırıcı deyil. 

Daha bir müəmmalı məqam Rüfət Aslanlının yaxın silahdaşı, Əmanətlərin Sığortalanması Fondunun sabiq icraçı direktoru Azad Cavadovla bağlıdır. Azad Cavadovun da bir zamanlar məhz himayədarı hesabına qılıncının hər iki ağzı kəsirdi və qarşısına çıxan hər kəsi doğramaq iqtidarında idi. Sonradan rəqibləri onu himayədarsız qoyduqları kimi qılıncı da əlindən ustalıqla aldılar və bu azmış kimi fəaliyyətinin təftiş edilməsi üçün hüquq mühafizə orqanlarına göndərildiyi barədə məlumatlar dövriyyəyə buraxıldı. Amma sonradan onun aqibəti barədə ictimaiyyətə hər hansı məlumat verilmədi və bu səssizlik ola bilsin prezident seçkilərindən sonra pozulsun.

Təbii ki, onun fəaliyyəti gerçəkdən yoxlaınlmış olsa belə nümayişkaranə şəkildə cəzalandırılacağı o dərəcədə inadırıcı görsənmir, amma onun da sabah hansısa maliyyə-bank sektorunda diqqətçəkən post tuta biləcəyi ağılabatn deyil. Hər halda bank sektorunda çoxqatlı müəmma davam edir və ümid edək ki, seçkilərdən sonra bu məsələdə gerçəkdən sular durulacaq və nəhayət, bank-maliyyə sektoruna cavabdeh olan səlahiyyət sahibləri tərəfindən kreditlərin hansısa formada bağışlanılması üçün prezidentin masasının üstünə imzalaması üçün qanunlara və Allaha xoş gedən bir sərəncamın layihəsi qoyulacaq…

Moderator.az