XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 13:56

Ramil Usubov Kollegiya iclasında TAPŞIRIQLAR verdi

ramil-usubov.jpg

Aprelin 16-da Daxili İşlər Nazirliyində «Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi»nin və « I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər»in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

“Strateq.az” bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. Nazir vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi işinin düzgün təşkilinin mühüm əhəmiyyətə malik olduğunu, son aylar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi və vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və ölkəmizin bir sıra rayonlarında səyyar xidmətlərin keçirildiyini, belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin göstərilən sahədə hələ xeyli görüləsi işlərin olduğunu diqqətə çatdırıb.

İlk Avropa Oyunlarının ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən geniş quruculuq, abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin əyani göstəricisi olduğunu xatırladan daxili işlər naziri bu mötəbər beynəlxalq idman yarışlarına hazırlıq işlərinin sürətlə getdiyini, planlaşdırılan tədbirlərin ardıcıllıqla yerinə yetirildiyini və ciddi nəzarətdə saxlanıldığını qeyd edib. Sözügedən ümumdövlət əhəmiyyətli tədbir ərəfəsində respublikada ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunması və I Avropa Oyunlarına hazırlıqla bağlı dövlətin, hökumətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz dəstəyi sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğu xüsusi vurğulanıb.

Mövcud kriminogen duruma toxunan nazir əvvəlki illərdə olduğu kimi cari ilin birinci rübündə də cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini bildirib.

Gündəlikdəki birinci məsələ ilə bağlı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev məruzə ilə çıxış edib.

Qeyd olunub ki, cari ilin dekabr ayından yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağı nəzərə alınaraq qarşıda duran məsələlərin operativ həlli məqsədilə DİN-in müvafiq əmri ilə rəhbər vəzifəli əməkdaşlardan və mütəxəssislərdən ibarət Xüsusi Komissiya yaradılıb. Komissiya tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 dekabr tarixli Sərəncamı rəhbər tutularaq həyata keçirilən tədbirlər çərçivəsində biometrik şəxsiyyət vəsiqələrinin çap olunacağı 9 regional mərkəzin infrastrukturu yenilənib, «Giriş-çıxış və qeydiyyat» İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin şəxsiyyət vəsiqələri üzrə alt sisteminin təkmilləşdirilməsi ilə bağlı texniki layihə hazırlanıb.

Baş İdarənin nəzarəti altında keçirilmiş tədbirlərlə səyyar qruplar tərəfindən etibarlılıq müddəti bitmiş 200 minədək şəxsiyyət vəsiqəsi dəyişidirlib, xarici ölkələrdə yaşayan vətəndaşların siyahıları dəqiqləşdirilib. Respublikanın ümumtəhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin sürətləndirilməsi üçün ötən il orta məktəblərdə məqsədli tədbirlər təşkil olunub, ölkə üzrə 197.723 şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər barədə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Baş İnformasiya-Kommunikasiya İdarəsinin rəisi, polis general-mayoru Dilqəm Aslanov məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, qarşıya qoyulan vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün hələ 2013-cü il fevral ayının 4-də Nazirlikdə əməliyyat müşavirəsi keçirilib. Müşavirənin qərarına əsasən texniki vasitələrə, əşya və ləvazimatlara olan tələbat müəyyən edilib, xüsusi komissiya yaradılıb, təşkilati iş, şəxsi heyətin hazırlığı, profilaktik tədbirlər, ictimai qaydanın qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahələrində qarşıda duran vəzifələrə dair tədbirlər planı təsdiqlənərək icraya yönəldilib.