Prezident İlham Əliyev Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Lənkəran, Lerik və Astara rayonlarında cəmi 860 şagird yerlik modul tipli 16 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 942 000 (dörd milyon doqquz yüz qırx iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.