XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

26 Mart 2018 - 13:44

Dövlət başçısı:“2015-ci il pambıqçılıq tarixində ən acınacaqlı il olub”

“Bizim son illər ərzində əsas vəzifəmiz ərzaq təhlükəsizliyi məsələləri idi. Çünki sovet vaxtında Azərbaycanda pambıq, üzüm, meyvə-tərəvəz istehsal olunurdu, ancaq əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Ona görə, biz, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etmək üçün işləyirdik, çalışırdıq, investisiyalar qoyulurdu. Hesab edirəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həllində çox ciddi uğurlara nail olmuşuq.

Strateq.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri prezident İlham Əliyev Bərdədəki Mədəniyyət Mərkəzində keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı deyib. Prezident bildirib ki, bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq: “Ət istehsalı təxminən 100 faizə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı – biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik. Yəni, bu sahələr prioritet idi.

Texniki bitkilər diqqətdən kənarda qalmışdı. Yenə də demək istəyirəm, bunun bir neçə səbəbi var. O cümlədən səbəblərdən biri də o idi ki, hesab olunurdu fermerlər özləri bilər nə əkər, nə biçər. Bu sahəyə böyük dövlət dəstəyi də göstərilmirdi. O ki qaldı, pambıqçılıqla məşğul olan özəl şirkətlərə, onlar da lazımi səylər göstərməmişlər, pambıqçılığa lazımi səviyyədə fikir verməmişlər, lazımi həcmdə sərmayə qoymamışlar və tədricən Azərbaycanda pambıqçılıq məhv olub gedib. Statistik göstəricilərə baxmaq kifayətdir görək ki, 2015-ci il pambıqçılıq tarixində ən acınacaqlı il olmuşdur. Cəmi 18 min hektarda pambıq əkilmişdir və cəmi 35 min ton pambıq tədarük edilmişdir.

2015-ci ilin sonlarından etibarən biz bu məsələ ilə ciddi məşğul olmağa başladıq. Qeyd etdiyim kimi, 2016-2017-ci illərdə müşavirələr keçirildi. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır. Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil”.