XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

27 Mart 2018 - 00:00

Ərdoğan:“Türkiyə Aİ ilə əlaqələrdə gərginliyi aradan qaldırmağa ümid edir”


Türkiyə Avropa İttifaqı ilə əlaqələrdə gərginliyi aradan qaldırmağa ümid edir.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Aİ liderləri Donald Tusk, Jan-Klod Yunker və Boyko Borisovla görüşündən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Ümid edirik ki, bu çətin dövrü geridə qoyduq. İttifaq ilə münasibətləri yaxşılaşdırmaq üçün lazım olan addımları müzakirə etdik", deyə Ərdoğan qeyd edib.

Dövlət başçısı qeyd edib ki, Ankara Aİ-dən növbəti yardım tranşını gözləyir, çünki Türkiyə miqrantları nəzarət etmək üçün vəd edilən 3 milyard avrodan hələ ki 1,8 milyard avro alıb: “Türkiyədə artıq təxminən 4 milyon suriyalı qaçqın var. Biz növbəti pul köçürməsini gözləyirik. Bu vəsait bizə bu qaçqınların həyatlarını yaxşılaşdırmağa kömək edəcək”.

Ərdoğan həmçinin, Ankara üçün vizasız rejiminin tətbiq edilməsi işini gücləndirməyə çağırıb. Dövlət başçısı Avropa İttifaqının Afrin əməliyyatına dair tənqidini rədd edərək vurğulayıb ki, terrora qarşı mübarizə Türkiyənin prioritetidir “Bu Türkiyə və Avropa İttifaqının ortaq maraqlarına cavab verir".