XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 10:14

Müdafiə Nazirliyi: “Bu, ermənilərin növbəti təxribatıdır”

“İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən guya hərbi təlimlərin keçirilməsi barədə məlumatların yayılması ermənilərin növbəti təxribatıdır”.

Bunu APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Müdafiə Nazirliyi bəyan edib ki, ağır iqtisadi, hərbi, demoqrafik və sosial şəraitdə yaşayan qondarma qurumun təlim adı altında keçirdiyi tədbir yalnız öz ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə təşkil edilən bir şoudur: “Bir neçə köhnə hərbi texnikanın, bir taqım şəxsi heyətin və təsərrüfat işlərindən zorla ayrılaraq poliqona gətirilən dinc sakinlərin cəlb olunması ilə keçirilən bu toplantı döyüş meydanındakı bacarıqsızlıqlarını gizlətmək niyyətində olan cinayətkar hərbi rejim rəhbərliyinin növbəti uğursuz cəhdidir. Ancaq bu kimi və buna bənzər istənilən tədbirlər kriminal-hərbi rejimin düşdüyü ağır vəziyyətdən çıxmasına kömək etməyəcək.

Bu məsələdə yalnız bir narahatedici məqam var. O da beynəlxalq hüquq normaları və prinsiplərinə məhəl qoymayan erməni tərəfinin sistematik hal almış təxribat xarakterli bu cür əməllərinə beynəlxalq qurumların biganə yanaşmasıdır”.

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir”.

Bunu isə XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir: “May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimə keçirilməsi nəzərdə tutulan qanunsuz “parlament seçkiləri” də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir.

ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir”.

XİN rəsmisinin sözlərinə görə, işğal və təcavüzə əsaslanan, qəbuledilməz və qeyri-davamlı olan mövcud status kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə, regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.