Xəbər verildiyi kimi, bu gün hökumətin təsdiqlənən üzvləri siyahısında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin olunan Samir Rafiq oğlu Nuriyevin də adı var.
Bəs, yeni komitə sədri bu vəzifəyə qədər harada çalışıb?
Strateq.az bildirir ki, Samir Nuriyev bu vəzifəyədək Mənzil İnşaatı Dövlət Agentliyinin baş direktoru işləyib.
Onu da qeyd edək ki, sözügedən komitənin rəhbəri Abbas Ələsgərov bu ilin fevral ayında vəfat edib.
Xatırladaq ki, Samir Nuriyev 1975-ci ildə Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub, 1996-cı ildə universiteti mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2003-2005-ci illərdə təhsilini ABŞ-ın “Duke” Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini alıb.
1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışıb. 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində işləyib.
2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib.
Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Yeni Azərbaycan partiyasının üzvüdür.
Evlidir, iki övladı var.