XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

01 May 2018 - 17:16

İnam Kərimov:"Biz kəndlilərin, fermerlərin yanında olmalıyıq"

Mayın 1-də Kənd Təsərrüfatı Nazirliyində pambıq səpininə həsr olunmuş müşavirə keçirilib.

Nazirlikdən Azərtac-a bildiriblər ki, tədbir martın 26-da Bərdə rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrasına həsr olunub.

Tədbirdə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı idarələrinin rəisləri, alimlər, mütəxəssislər, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, həmçinin “MKT İstehsalat Kommersiya” MMC-nin, “Azərpambıq” MMC-nin və pambıq tədarükü məntəqələrinin nümayəndələri iştirak ediblər.

Nazir İnam Kərimov müşavirədə dövlətimizin başçısı tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş tapşırıq və vəzifələrdən danışaraq, bu sahənin inkişaf etdirilməsinin Prezident tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. İnam Kərimov bildirib ki, hazırda 133 min hektar sahədə pambıq əkini aparılıb, ancaq buna baxmayaraq, keçən il həm obyektiv, həm də subyektiv səbəblərə görə pambıqçılıqda müəyyən problemlər yaşanıb.

“Prezident İlham Əliyev tərəfindən qarşımıza mühüm vəzifələr qoyulub. Bu sahədə çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalıdır. Biz pambıq əkinini nümunəvi həddə çatdırmalıyıq. Düzgün planlaşdırma həyata keçirilməli, koordinasiya düzgün olmalıdır”, – deyə nazir qeyd edib.

Müşavirədə pambıqçılıqla məşğul olan rayonların və həmin rayonlara təhkim olunmuş nümayəndələrin səpinlə bağlı məlumatları dinlənilib, onların təklifləri ətrafında müzakirələr aparılıb.

Həmçinin pambıq istehsalında mövcud vəziyyət geniş müzakirə edilərək, cari ildə pambıq səpininin mütəşəkkil həyata keçirilməsi, tələb olunan texnika və avadanlıqlarla vaxtında təminat üçün “Aqrolizinq” ASC-yə, pambıqçılıqda tətbiq olunan kimyəvi preparatlardan vaxtında və düzgün istifadə edilməsi barədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinə, nazirliyin məsul işçilərinə tapşırıq və tövsiyələr verilib.

Sonda nazir deyib: “Bizim vəzifəmiz kəndlilərə, fermerlərə yaxın olmaqdır. Bu, bizim əsas fəaliyyət prinsiplərimizdəndir. Biz kəndlilərin yanında olmalıyıq. Bugünkü görüş bizim tapşırıq görüşümüzdür”.