Bakıda Təzəpir məscidində mərhum jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilib.
Trend-in məlumatına görə, mərasimdə mətbuat nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.
Tanınmış qələm sahibi “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, ötən gün respublikanın əməkdar jurnalisti, “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib.
1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra “Molodyoj Azerbaydjana”, “Vışka” qəzetlərində çalışıb. “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri olub.
R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan – 1990-cı ildən “Ayna-Zerkalo” qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu “Exo” qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasına böyük xidmət göstərib.