Şənbə günü axşam saatlarında Parisin mərkəzində yoldan ötənlərə bıçaqla edilən hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.
AZƏRTAC xəbər verir ki, Franceinfo portalının yaydığı məlumata görə, polis hücumda terror izləri üzə çıxarıb. Bir qədər əvvəl Parisin prokuroru Fransua Molens hücum edən şəxsin ərəb dilində “Allah Əkbər” deyə qışqırdığı barədə məlumat verib. Hadisə ilə bağlı antiterror prokurorluğu təhqiqata başlayıb.
Yeni məlumatlara əsasən, hücum nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Onlardan ikisi kritik vəziyyətdədir.
Xatırladaq ki, insident şənbə günü saat 21:30-da (Bakı vaxtı ilə 23:30) Paris operasının binası yaxınlığında baş verib. Hücum edən şəxs polis tərəfindən hadisə yerində öldürülüb. Onun üzərində heç bir sənəd tapılmayıb.