ABŞ Senatı agentlikdə keçmiş fəaliyyəti zamanı qəddar dindirmə metodlarını tətbiq etməsinə baxmayaraq, Gina Haspeli Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə təsdiq edib.
100 mandatlı Senatda Haspelin direktorluğunun leyhinə 54, əleyhinə 45 senator səs verib. Səsvermə zamanı 6 demokrat senator da respublikaçılara dəstək verib.
MKİ-də 33 illik staja malik veteran bu agentliyin ilk qadın direktoru olacaq. O, indiyədək MKİ-nin direktor əvəzi vəszifəsini icra edirdi.
O, bu vəzifədə Mayk Pompeonu əvəzləyəcək. Pompeo ötən ay ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edilib.
2002-ci ildə, 2001-ci ilin 11 sentyabr terror hücumundan dərhal sonra Haspel Taylanddakı məxfi saxlama mərkəzinə rəhbərlik edib. Həmin vaxtlarda MKİ “su ilə işgəncə” də daxil sərt dindirmə metodlarından istifadə edirdi. Mayın 9-da Senatda keçirilən ilk dinləmədə Gina Haspel Mərkəzi Kəşfiyyat İdarəsinin bir daha belə metodlardan istifadə etməyəcəyini bildirmişdi.
Azadlıq Radiosu