KXDR ordusunun hərbçiləri xarici jurnalistlərin iştirakı ilə mayın 24-də “Phunqeri” nüvə poliqonunda üç sınaq şaxtasını partladıb.
Azərtac Cənubi Koreyanın Yonhap agentliyinə istinadla xəbər verir ki, poliqondakı yerüstü müşahidə məntəqələri və digər obyektlər də məhv edilib. “KXDR-in Nüvə Silahı İnstitutu nüvə sınaqlarının dayandırılması məsələsində şəffaflıq nümayiş etdirmək üçün 2018-ci il mayın 24-də şimal sınaq poliqonunun sökülməsi mərasimini həyata keçirib”, – institutun mərasim başa çatdıqdan sonra yayılan bəyanatında belə deyilir.
Poliqonun sökülmə prosesini beş ölkədən – Koreya Respublikası, Böyük Britaniya, Rusiya, Çin və ABŞ-dan olan jurnalistlər izləyiblər.
Qeyd edək ki, 6 nüvə sınağından 5-i poliqonun şimal şaxtasında aparılıb. Poliqonda ümumilikdə 4 şaxta mövcud olub. Birinci şaxta cəmi bir dəfə – ilk yeraltı sınağın həyata keçirildiyi 2006-cı ildə istifadə olunub və sonra bağlanılıb.