XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

24 May 2018 - 16:45

Ukrayna səmasında təyyarə Rusiya raketi ilə vurulub- İstintaq qrupu təsdiqlədi, ortaya dəlillər qoyuldu 

“2014-cü ildə Ukrayna səmasında Malaziya təyyarəsini vurmuş BUK Rusiyanın 53-cü zenit-raket briqadasına aiddir”. Strateq.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu Niderlandın rəhbərlik etdiyi beynəlxalq təhqiqat müəyyənləşdirib.

Avstraliya, Belçika, Malayziya, Niderland və Ukrayna hakimiyyətinin təmsil olunduğu Birgə Təhqiqat Komandası (BTK) mayın 24-də Niderlandda keçirdiyi mətbuat konfransında bu açıqlamanı verib.

Xatırladaq ki, MH17 təyyarəsi 2014-cü il iyulun 17-də Ukraynanın Donetsk regionu üzərində vurulub, təyyarədəki 298 nəfər həlak olub.

Britaniyanın qəzanı araşdıran təhqiqat qrupu – “Bellingcat” bundan öncə bildirmişdi ki, təyyarəni vuran raketin mənbəyi 53-cü zenit- raket briqadası ola bilər.

Rusiya Ukraynanın daxili işlərinə müdaxilə etmədiyini bildirir. Ancaq Moskvanın Kiyevə qarşı vuruşan separatçılara hərbi, iqtisadi və siyasi dəstək verməsinə dair dəlillər var. Rusiya və separatçılar MH17-ni vurmadıqlarını bildirib, insidentə səbəb kimi fərqli nəzəriyyələr irəli sürüb. Amma təhqiqatçılar onların hamısını rədd edib.

BTK 2016-cı ildə müəyyənləşdirdi ki, təyyarə Donetsk regionu üzərində Rusiya ordusundan alınmış BUK zenit-raket kompleksi ilə vurulub. Qrupun hesabatında deyilir ki, BUK Ukraynaya Krasnodon yaxınlığında daxil olub və təyyarə vurulandan dərhal sonra geriyə – Rusiyaya aparılıb.

Mayın 25-də isə “Bellingcat” Haaqada mətbuat konfransı keçirəcək, istintaq üzrə yeni hesabatını açıqlayacaq.

“Bellingcat”ın Rusiyanın “The Insider” müstəqil vebsaytı ilə birlikdə apardığı təhqiqat hələ dekabrda bildirdi ki, Rusiyanın bir generalı təyyarənin vurulmasında maraqlı olub. “Bellingcat” açıq audio və vizual dataları təkmil rəqəmsal texnika vasitəsiylə təhlil edir. Qrup aşkarlanmış kommunikasiyalarda Delfin deyilən şəxsin Rusiyanın general polkovniki Nikolay Tıkaçov olduğunu iddia edib. O, hazırda Rusiya Mərkəzi Hərbi Dairəsinin baş inspektorudur. Ancaq Tıkaçov Delfin olmadığını, 2014-cü ildə Ukraynanın şərqinə getmədiyini deyib.