Onu Azərbaycana, Gürcüstana, başqa region dövlətlərinə qarşı yönəltmək planı varmı?
Aparılan mübarizəyə rəğmən, İŞİD terror qruplaşmasını hələ də məhv etmək mümkün olmayıb. Bu isə dünyanın əksər ölkələri üçün İŞİD təhdidinin qalması deməkdir. Hər halda, İŞİD-in sıralarına müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan qoşulanların olması, eləcə də terror təşkilatının Qafqazda möhkəmlənmək niyyəti də qeyd olunanların əyani təsdiqi sayıla bilər.
Qeyd edək ki, İŞİD İraq və Suriyada çox sıxışdırılacağa təqdirdə idarəçiliyini məhz Qafqazdan həyata keçirmək niyyətini gizlətmir.
İndilikdə isə İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlar davam edir və İraq rəsmiləri deyir ki, terror qruplaşmasına qarşı hərbi əməliyyat zamanı İraqın sabiq lideri Səddam Hüseynin yaxın yardımçısı İzzət İbrahim Əl-Duri öldürülüb. Qeyd edək ki, Əl-Duri İraqdakı İŞİD-in yaradılması planlarını hazırlayan şəxs olub və onun öldürülməsi qrupa ağır zərbədir. Əl-Durinin öldürüldüyünü göstərən foto artıq sosial şəbəkələrdə yayılmağa başlayıb. Əl-Durinin adı ABŞ-ın 2003-cü ildə elan etdiyi ən çox axtarılan İraq hökumət rəsmiləri siyahısına daxildir. Xatırladaq ki, Əl-Duri 1974-1979-cu illərdə İraqın daxili işlər naziri, 1979-2003-cü illərdə İnqilab Şurası Komandanlığının müavini, 1991-2003-cü illərdə isə BƏƏS Partiyasının katibi olub. 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra əl-Duri gizlənirdi. İraqın Səddam Hüseyn dövründə işləyən məmurlarının ABŞ tərəfindən axtarış siyahısında 6-cı yerdə olub. O zaman onun başına 10 milyon dollar mükafat qoyulmuşdu.
Xatırladaq ki, İŞİD-in, demək olar ki, bütün liderləri İraq ordusunun keçmiş zabitləridir. Səddam Hüseynin ordusunun keçmiş yüksək rütbəli zabitləri İŞİD-ə müharibə taktikasını və təcrübəsini öyrədir, hərbi əməliyyatların planlarını hazırlayır, qaçaqmalıçılıq yolu ilə silah əldə edilməsini və neft satışını təmin edir. Bununla belə, Səddamın zabitləri özləri döyüşlərə qatılmır, xarici ölkələrdən gələn terrorçuları ilk növbədə döyüşə göndərirlər. Səddam ordusunun zabitlərinin “verbovkası” ilə şəxsən İŞİD lideri Əbu Bəkr əl-Bağdadi məşğul olur. İraqın keçmiş baş naziri Nuri əl-Malikinin ordunu Səddam dövrünün zabitlərindən kütləvi təmizləmək qərarı isə onun işinə yarayıb. İşsiz qalan keçmiş zabitlər İŞİD-ə qoşulub. Bütün bunlar İŞİD-in müqavimət gücünün artması ilə müşayiət olunur. Qruplaşmaya hələ də xaricdən qoşulanların olması onun yaxın tezlikdə məhvini də mümkünsüz edir. Təəssüf ki, İŞİD-ə qoşulanlar sırasında azərbaycanlılar da var. Bu arada yayılan məlumata görə, Türkiyə ərazisindən Suriyaya keçməyə cəhd edən bir neçə azərbaycanlı türk polisi tərəfindən saxlanıb. Türkiyənin Qaziantep meriyasının yaydığı məlumata görə, Qaziantep polisi tərəfindən Azərbaycan vətəndaşı olan 4 nəfərin Suriyaya getmək üçün müəyyən hazırlıqlar gördüyü, qanunsuz yollarla sərhədi keçməyə çalışdıqları öyrənilib. Qaziantep rayon polis idarəsi tərəfindən saxlanan şəxslər barəsində deportasiya qərarı çıxarıldıqdan sonra onlar əcnəbi vətəndaşlarla bağlı iş aparan polis idarəsinə təhvil verilib. BMT-nin araşdırmasına görə, artıq 25 mindən artıq əcnəbi döyüşçü İŞİD-ə qatılmaq məqsədilə münaqişəli bölgələrə yollanıb. 2014-cü ilin ortalarından başlayaraq 2015-ci ilin mart ayınadək əcnəbi döyüşçülərin sayında 71 faiz artım müşahidə olunub. Qurum bildirir ki, bu, qlobal təhlükəsizliyə bilavasitə və uzunmüddətli təhlükə təşkil edir.BMT, ən azı, 100 dövləti təmsil edən döyüşçülərin Suriya, İraq, Liviya və Pakistan kimi ölkələrə üz tutduğunu bildirir. Eləcə də çox sayda islamçı döyüşçünün Tunis, Mərakeş, Fransa və Rusiyadan gəldiyi qeyd olunur.
Yuxarıda qeyd olundğu kimi isə, hələlik Suriya və İraqda məskunlaşan İŞİD öz qərargahını Şimali Qafqaza köçürmək istəyir. Rusiya Kəşfiyyat Xidmətinin (FSB) sədr müavini Sergey Smirnov İŞİD-in Qafqazda özünə tərəfdarlar axtardığını bildirib. Smirnov bildirib ki, İŞİD başqa terror təşkilatlarına nüfuz etməyə başlayıb”:Onlar “İmarat Qafqaz” terror təşkilatına maraq göstərirlər”. Onun sözlərinə görə, 1,7 minə yaxın Rusiya vətəndaşı İraqda İŞİD sıralarında vuruşur. ümumiyyətlə isə, silahlı qruplaşmanın təkibində 4 minə yaxın postovet sakini var. Xatırladaq ki, Qafqazda fəaliyyət göstərən terror qruplaşması üzvlərinin bir çoxu artıq İŞİD-ə sədaqət andı içib. Bütün bunlar İŞİD təhdidinin artmaqda olduğunu göstərir. özü də təkcə Qafqaz və Şərq dövlətləri üçün yox. Belə ki, bu günlərdə İŞİD təhdidinin ABŞ sərhədində ortaya çıxdığı məlum olub. İŞİD yaraqlılarının Meksikada Amerika sərhədinə 13 kilometr məsafədə bir təlim düşərgəsi qurduğu müəyyənləşib. ABŞ və Meksika təhlükəsizlik qüvvələri keçən həftə Amerika sərhədinə 13 kilometr məsafədə yerləşən Anapra bölgəsində basqın etdiyi bir düşərgədə bir Amerika hərbi bazasına aid planlar ələ keçirib. Meksikalı rəsmilər eyni bölgədə fəaliyyət göstərən bir İŞİD mərkəzindən də xəbərdar olduqlarını bildiriblər. Qeyd edək ki, İŞİD-in Meksika sərhədindən Amerika ərazisinə keçərək terror hücumları planlaşdırdığı iddiaları bir müddət əvvəl də gündəmə gəlmişdi. O vaxt rəsmilər bu iddiaları araşdırdıqlarını bildirmişdilər.
İŞİD-in Qafqaza yayılması xəbərlərinin arxasında çox maraqlı və qorxunc bir ehtimal da var. Bəlkə Qafqazda nə vaxtsa tam yeni, İraq və Suriyadakından fərqli bir İŞİD meydana çıxacaq? Bəlgə bu yeni İŞİD-i yaratmaq hansısa bir region dövlətinin maraqları çərçivəsindədir və guya İŞİD-çilərin İraqdan, Suriyadan Qafqaza gəlişi barədə informasiyalar yaymaqla yeni “Qafqaz İŞİD-nin” yaradılması prosesini diqqətlərdən yayındırmaq istəyir? Elə isə yeni “Qafqaz İŞİD-nin” planları nədir? Azəbaycana, Gürcüstana qarşı yeni İŞİD-dən istifadə etmək planları varmı? Varsa, bu planlar hansı şərtlər daxilində – Azərbaycanın, Gürcüstanın birmənalı Qərb, ya birmənalı Rusiyayönümlü siyasət aparacaqları halda işə düşəcək? Göründüyü kimi, məsələ çox ciddidir və “İŞİD Qafqaza İraq və Suriyadan necə yayıla bilər” sualını şübhə ilə verənlər üçün yaxşı düşüncə materialıdır – “İŞİD Qafqaza Suriya və İraqdan gəlməyəcək, burada yenisi yaradılacaq, hətta bəlkə də artıq yaradılır”… (“Bakı-Xəbər”)