XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

25 May 2018 - 09:40

 ABŞ Türkiyəyə F-35 qırıcıları satmayacaq –Rusiya ilə S-400 sövdələşməsi Ankaranı sanksiya hədəfinə gətirdi   

ABŞ Senatının komitəsi mayın 24-də 716 milyard dollarlıq müdafiə sistemi qanununun yeni versiyasının layihəsini qəbul edib. Qanunun yeni versiyasının bir müddəası Türkiyəni Lockheed Martin F-35 Birləşmiş Zərbə Qırıcısını almaq imkanından məhrum edir.

“Reuters”in verdiyi məlumata görə “Milli Müdafiə Qərarları Haqqında” Qanuna demokrat senator Cenni Şahin və respublikaçı Tom Tillisin təklif etdikləri düzəliş Türkiyəni F-35 proqramından çıxarır. Şahinin ofisi bildirib ki, buna səbəb Türkiyənin ABŞ vətəndaşı Andrev Brunsonu həbsdə saxlamasıdır.

35 illik həbsxana cəzası ilə üzləşə biləcək Brunson xristian pastorudur və ona qarşı Türkiyə məhkəməsi tərəfindən bu ay irəli sürülmüş terrorizm və casusluq ittihamlarını rədd edir.

Bu qanun düzəlişinin irəli sürülməsinə digər səbəb NATO üzvü olan Türkiyənin Rusiyadan S-400 antiraket sistemlərini almaq qərarıdır. Şahinin ofisi bildirib ki, Rusiyadan S-400-lərin alınması ABŞ qanunları ilə sanksiyalanmalı hərəkət sayılır:

“F-35 təyyarələrinin bu təyyarələri vurmağa hesablanmış S-400 sistemini almaq istəyən ölkəyə satılması böyük tərəddüd yaradır”.

Son illərdə Ankara və Vaşinqton arasında münasibətlər bir neçə məsələyə görə gərginləşib. Bu məsələlərə ABŞ-ın Suriyadakı siyasəti və hər iki ölkədə bir-birlərinin vətəndaşlarının qarşılıqlı saxlanmasıdır. Türkiyə bildirib ki, Birləşmiş Ştatların onun silah almasının qarşısına sipər çəkən qanun dəyişikliyini qəbul etməsinə sərt reaksiya göstərəcək.

Türkiyə ABŞ-dan 100-dək F-35 qırıcısı almağı planlaşdırır, habelə Patriot raketlərinin alınması üçün Vaşinqtonla danışıqlar aparıb.

Türkiyənin Rusiyadan S-400 raket sistemlərini almaq qərarı onun NATO müttəfiqlərinin sırasında narahatlıq yaradıb.

Reuters xəbər verir ki, bu düzəlişlərin qanun halına gəlməsi üçün bir neçə mərhələdən keçməsi zəruridir. Nümayəndələr Palatası qanunun yeni versiyasını mayın 24-də qəbul edib. Senat bu qanunun öz versiyasını hələ qəbul etməlidir. Bundan sonra iki versiya tutuşdurlaraq uyğunlaşdırılmalıdır. Yalnız bundan sonra qanun həm Nümayəndələr Palatasında, həm də Senatda bu ilin sonlarınadək səsə qoyulmalıdır.