Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Bundestaqının deputatı Nikolas Löbeli qəbul edib.
Nazirlikdən “Report”a verilən məlumata görə, X.Xələfov ölkələr arasında yüksək səviyyəli siyasi dialoqdan məmnunluğunu ifadə edərək bunun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini qeyd edib.
N.Löbel Azərbaycana səfərinin Cümhuriyyətin 100 illiyi ilə üst-üstə düşdüyünü böyük maraq ilə bildirib, Azərbaycanın Almaniya üçün vacib tərəfdaşlardan biri olduğunu vurğulayıb. Ölkənin Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd edib.
Tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib və bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanıb. N.Löbel münaqişənin həll olunmasında Avropa İttifaqının digər üzvləri ilə fəal işləyəcəklərini qeyd edərək status-kvonun qəbuledilməzliyini bir daha bəyan edib və ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, Almaniyanın münaqişənin sülh yolu ilə həllinə dəstək göstərəcəyini bildirib.
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinin müzakirəsi çərçivəsində X.Xələfov Avropa İttifaqı ilə müzakirə olunan yeni sazişin razılaşdırılmasının sona çatmaqda olduğunu söyləyib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, N.Löbel Almaniya Bundestaqının Xarici Əlaqələr, eləcə də Mədəniyyət və Mətbuat Komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasının deputatıdır. Baden-Vürtemberq əyalətindən ilk dəfə parlamentə seçilmiş N.Löbel CDU/CSU fraksiyasında Qafqaz regionu üzrə məruzəçidir.