XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 May 2018 - 16:53

Paşinyanın Gürücüstana səfərinin pərdəarxası –Tiflis Ermənistanın istəklərinə müsbət cavabı Bakı ilə münasibətləri korlaya bilər

 “Atlas” Araşırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana səfərini şərh edib. Politoloq bunu Paşinyanın baş nazir qismində ilk xarici səfəri sayıldığını qeyd edib: “O baş nazir seçildikdən sonra ilk olaraq Dağlıq Qarabağa gəldi və separatçılara “ürək-dirək” verdi. Paşinyan daha sonra Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Ancaq bunu rəsmi səfər adlandırmaq çətindir. Çünki Paşinyan Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etmək üçün Soçiyə getmişdi. Gürcüstana səfər isə rəsmi status daşıyır və iki gün çəkəcək.

E.Şahinoğlunun fikrincə, Nikol Paşinyanın Gürcüstana səfərinin və bu ölkə ilə əməkdaşlığa bu qədər önəm verməsinin əsas səbəbi Abxaziya üzərindən Ermənistana dəmir yolununu açılmasına Tiflisin icazəsinə nail olmaqdır: “Paşinyandan əvvəlki Ermənistan liderləri bunu çox arzulasalar da, Rusiya-Gürcüstan dəmiryolunun açılışına nail ola bilmədilər. Paşinyan bu yolun açılmasıyla xarici siyasətdə ilk uğurunu əldə etmək istəyir”.

Politoloq Paşinyanın Tiflisə səfərinin başqa məqsədini da qeyd edib: “Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub. Paşinyan Gürcüstanın bu təcrübəsini öyrənmək istəyir. Təsadüfi deyil ki, Nikol Paşinyan çıxışlarında Avropa İttifaqı ilə vizasız gediş-gəlişə nail olmaq istədiyini bildirib. Gürcüstan bu hədəfə daha tez nail olub”.

Ekspert daha sonra Nikol Paşinyanın Tiflisdən sonra ermənilərin yaşadığı Cavahetiya bölgəsinə gedəcəyinə diqqət çəkib: “Bu da bir ilkdir. Ermənistanın müstəqil olduğu bu illərdə bu ölkənin heç bir prezidenti və ya baş naziri Cavahetiyaya getməyib və ya gedə bilməyib. Görəsən Tiflis Paşinyana bu icazəni niyə verib? Tiflis qorxmur ki, Paşinyanın bu bölgəyə səfəri Gürcüstanda erməni separatizmini növbəti dalğasına yol aça bilər?

Tiflis odla oynayır. Tiflis Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayan mesaj göndərəcək. Paşinyana Gürcüstanda yaşayan ermənilərlə görüşüb dərdləşməsi də bölgəyə və Gürcüstana yaxşı heç nə vəd etmir. Görünür, Tiflis bu yolla Paşinyanı Rusiyanın caynağından qoparacağını düşünür. Ancaq bu o zaman baş verəcək ki, Paşinyanın özü Rusiyadan qopmağı istəsin”-deyə E.Şahinoğlu vurğulayıb.

Turqut