Deputatın atasına yeni vəzifə verildi
Millət vəkili Ceyhun Osmanlının bir müddət əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin müavini vəzifəsindən azad olunan atası Yunus Osmanova vəzifə verilib.
Strateq.az A24.az-a istinadən xəbər verir ki, Y.Osmanov hazırda icra başçısının iqtisadi məsələlər üzrə müavininin (həmçinin, Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri) aqrar məsələlər üzrə müavini vəzifəsinə təyinat alıb. O, İcra Hakimiyyətində əvvəlki profili üzrə öz işini davam etdirəcək.
Millət vəkili Ceyhun Osmanlı da atasının yeni vəzifə təyinatını təsdiqləyib: “Digər rayonlarda olduğu kimi, atam Yunus Osmanov da Göyçay Rayon İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin nəzdində aqrar məsələlərlə məşğul olacaq”.
Xatırladaq ki, bu il martın 18-də ölkə başçısı “”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən “Başçının müavini – Aqrar məsələlər şöbəsi müdiri vəzifələri ləğv edilib. Və aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatının ləğv edilməsi ilə əlaqədar Yunus Osmanov da Göyçay Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsindən kənarlaşdırılıb. O, həmçinin, rayon icra başçısı yanında Şuranın da siyahısından çıxarılmışdı.