ABŞ Suriyanın Deyr ez Zor bölgəsi istiqamətində İŞİD-ə qarşı keçirilən əməliyyat bəhanəsi ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) tərkibində döyüşən YPG-yə yeni silah və zirehli texnikalar göndərməyə başlayıb.
Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, son 4 gündə YPG-nin də tərkibində yer aldığı Suriya Demokratik Qüvvələri adlı hərbi birləşməyə 250 TIR-la dolu ağır silahları ilə yanaşı, zirehli “Hummer” maşınları göndərilib: “İraqın Semelka sərhəd məntəqəsi istiqamətindən Suriya ərazisinə daxil olan silah dolu TIR-lar Deyr ez Zorun şərqində yerləşən YPG-lilərin sərəncamına verilib. YPG qüvvələri bildirir ki, əlavə silah karvanı da yaxın günlərdə göndəriləcək”.
Məlumata görə, Deyr ez Zorda ABŞ-ın 3 hərbi bazası mövcuddur: “Amerikanın bu şəhərdə 3 hərbi bazası olsa da, onlar açıq döyüşlərdə daha çox kürdlərin təmsil olunduğu Suriya Demokratik Qüvvələrindən yararlanırlar”.
Onu da qeyd edək ki, ABŞ bundan əvvəl SDQ-yə 4800 TIR-la dolu silah göndərib.