XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 June 2018 - 19:46

“Vəkil dedi, uşaqların da atalarının yanına gedə bilər” –AzTV sədrinə sui-qəsddə ittiham olunan şəxsin keçmiş həyat yoldaşı danışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Strateq-azın Bizimyol.info-ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ş.Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova dindirilib.

O, bildirib ki, 1988-ci ildə Ş.Əkbərovla ailə qurub. Nikahdan iki övladları var. 2013-cü ildə həyat yoldaşından ayrılıb. Səbəb isə Ş.Əkbərovun başqa qadınla görüşməsi olub. Şahid suallara cavab olaraq bildirib ki, onların birgə təsərrüfatları olub, ayrıldıqdan sonra isə bütün əmlak bölünüb.

S.Sadıqova keçmiş ərinə qarşı ittihamları ilə bağlı bildirib ki, onun heç birindən xəbəri yoxdur. “Qızımın deməyinə görə, guya dələduzluqda ittiham olunur. Cəmilə (qızı) onu dedi ki, Şücaət hansısa qızın öldürülməsini də görüb, ona görə tutdururlar.

Şahid bildirib ki, istintaqa dedikləri ilə ifadəsində yazılanlar fərqlidir. O, ifadəsinə oxumadan qol çəkdiyini, istintaqda hədə-qorxu gəlindiyini deyib, ancaq hədənin nədə ifadə olunduğunu xatırlamadığını bildirib.
O, qeyd edib ki, 2013-cü ildə ayrıldıqdan sonra, Şücaətlə münasibəti olmayıb. Zərərçəkən tərəfin vəkilləri Şücaət əməliyyat olunan zaman onun yanında qalması ilə bağlı sual veriblər. Hakim isə suaları çıxarıb və bildirib ki, boşanmaq düşmən olmaq deyil.

S.Sadıqova əlavə edib ki, Şücaət Əməliyyat olunan zaman, əməliyyat pulunun Arif Alışanov tərəfindən verilməsi AzTV sədrinin öz təşəbüsü olub. Şahid qeyd edib ki, Şücaətin iknci dəfə Gəncədə halı pisləşəndə də Arif Alışanov, yox Hacı Namazov zəng edib.

Səlimə Sadıqova özünə məxsus təsərrüfatı olduğunu deyib. “Orada Arif Alışanova məxsus texnikalar da olub. Mənim isə iki texnikam olub və onu lizinqlə almışam. Alışanvun texnikaları isə onun öz təsərrüfatında istifadə edilirdi. Həmin torpaqlar isə mənim yox, Hacının adına olub. Ümumiyyətlə, Alışanovun mənim adıma heç bir əmlakı olmayıb. Hətta mənə məxsus əmlakı və texnikanı da Şücaət həbs edildikdən sonra Camal Nəbiyev (AzTV-nin işçisi, Arif Alışanovun şəxsi təsərrüfat işlərini idarə edən şəxs) sonradan gəlib apardı”.

S.Sadıqova bildirib ki, Şücaətin həbsindən sonra onu zorla isitintaqa aparıblar. “Hədə qorxu yolu ilə mənə məxsus olan əmlakları digərlərinin adına keçirdilər. Dəyanət Cəfərov da notariatın qarşısında mənə təzyiq edib. Əvvəlki vəkilimiz də dedi ki, dediklərini elə, yoxsa uşaqların da atalarının yanına gedə bilər. Mən də qorxudan əmlaklarla bağlı Camala etibarnamə verdim. Amma sonradan evlə bağlı etibarnaməni ləğv etdim.”

Dəyanət Cəfərov isə şahidin dediyini təkzib edib və notariatın qarşısında ümumiyyətlə, olmadığını deyib.

Şahid S.Sadıqova bildirib ki, əmlakların çoxunu öz pulu ilə alıb. Pulun mənbəyinə gəlincə şahid bildirib ki, dövlətin verdiyi pay torpaqlarını satıb, bir neçə dəfə həmin pula başqa torpaqlar alaraq baha qiymətə sataraq, pulu daha da artırıblar. “Evi də, “Prado” maşınını da həmin pulla almışıq”.

Digər şahid Ələkbər Əliyev bildirib ki, Şücaətin evində tapılan ov tüfəngi ona məxsus olub və tüfəngi Ş.Əkbərovun evinə öz təşəbbüsü ilə qoyub: “Uşaqlara görə silahı evdə saxlamırdım, maşında gəzdirirdim. Sonra Şücaətgilə gedəndə orada qoydum, Şücaət də etiraz etmədi. Məlim olub ki, o, istintaqda dindirilən zaman qeyd edib ki, ov tüfəngini ondan Ş.Əkbərov istəyib.

Şahid Seyidov Şücaətlə dost olduğunu bildirib. O vəkilin sualına cavab olaraq, Şücaətin heç zaman dələduzluq etmədiyini, onda cinayət görmədiyini deyib.

İstintaqa ifafəsində isə o, Şücaətin dələduzluq etdiyi qənaətinə gəldiyini bildirib. İstintaqa ifadəsini də təsdiq etdiyini deyən şahid iki ifadə arasındakı ziddiyyəti izah edə bilməyib. Ş.Əkbərov onu yalan danışmaqda ittiham edib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq istəyiblər. Bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd-Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.