XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

15 İyun 2018 - 11:42

Daşyonan- daş karxanasından gətirdiyi daşlarla...

Bu dünya Nuh əyyamından elə belədir: bir əvvəli var, bir axırı. Bu, həyat düsturudur. Əbədi həyat düsturu isə əsl insan ömrü yaşayanlara aiddir.

Ömrün başlanğıc nöqtəsindən sonuc nöqtəsinə tələsən insan sanki səyyahdır. Allahın qədərlədiyi tale süfrəsindən öz qismətini götürüb dünyaya qədəm basır və cəmiyyətin bir illik, on illik, əlli, bəlkə də yüz illik qonağı olur. İnsanların bəziləri şərəfli bir ömür yaşayıb elə bir cığır açır, elə bir yeni təməl qoyurlar ki, əməlləri, yaratdıqları özlərindən sonra da yaşayır. Belələri cəmiyyətdə bir mayak, zamanlar arasında bir körpü olurlar. O da həm mayak idi, həm də bir körpü. Xoş gələcək naminə xalqının yolunda yanan bir mayak, Azərbaycanı Rəsulzadədən götürüb gələcəyə aparan bir körpü.

Biz ondan vətəndaşlıq elmini, qeyrətli və düzgün olmaq, fəal vətəndaş mövqeyi tutmaq dərsini öyrəndik. Dəyərləri görməyi və dəyərləndirməyi o öyrətdi bizə. Xalqımızın, millətimizin ən böyük dəyərlərindən biri elə o özü idi – Azərbaycanda Milli Azadlıq Hərəkatının şəksiz və şəriksiz lideri Əbülfəz Elçibəy.

24 iyun 1938-ci ildə Naxçıvanda, Ordubad rayonunun ucqar dağ kəndi Kələkidə doğulanda ona 62 il ömür əmanət edilmişdi. Tanrı əmanətinə xəyanət etməyib onu qədərindən də artıq dəyərləndirdi. Əbədiyyət ömrünü elə bu qısa zaman kəsiyində – 62 yaşın içində qazandı.

Kasıb, sınıq-salxaq kənd evində – böyüklüyü sadəlikdə, gözütoxluğu ədalətli olmaqda, səmimiliyi özünə inamda bilib böyümüşdü o. Gözləri daim işıqlı olan bu yeniyetmə oğlanı ali məktəbdə təhsil almaqdan ötrü ucqar dağ kəndindən Bakıya yola salan müəllimləri ona böyük ümid bəsləyirdilər. Nəinki onların ümidlərini doğrultdu, hətta daha çox irəli gedib adını ölkəmizin tarixinə də qızıl hərflərlə yazdırdı Əbülfəz.

Əbülfəz Əliyev şəxsiyyətinin təməli tələbəlik illərində qoyuldu. İnsanlara həssaslıqla yanaşan, oturuşunda-duruşunda ağayanalığı, danışığında təvazökarlığı ilə seçilən, xeyirxahlığı ilə çoxlarına nümunə olan gənc həyat tərzi seçimi ilə də digər tələbələrdən fərqlənirdi.

Vətən, millət sevgisi qorxu hissini ondan uzaqlaşdırmışdı. Millətin dərdini açıq-aşkar dilə gətirən bu gəncin sözü ilə əməli, dedikləri ilə elədikləri arasında həmişə bərabərlik işarəsi olardı. Sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparır, gizli tələbə dərnəyi yaradıb Bütöv Azərbaycan ideyasını təbliğ edir, azadlıq carçısı olub insanları daim öz hüquqlarını müdafiə etməyə çağırırdı.

O, yaxşı bilirdi ki, vətəndaşlıq təkcə rəsmi-hüquqi qeydiyyatdan keçmək deyil. Əsl vətəndaşlıq insanın Vətənə, millətə, dövlətə və dövlətçiliyə gərəklik dərəcəsi ilə ölçülür. O da özünü xalqa, millətə gərəkli bildi.

Amma böyük ümidlərlə çağlayan mübarizin yolunu daş-kəsəklə kəsdilər. 1975-ci ilin yanvarında tələbələr arasında millətçi və antisovet təbliğatı apardığına görə onu həbs edib Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum etdilər. 1976-cı ilin 17 iyuluna kimi yer qazıb daş çıxardı, daş yondu, daş daşıdı. Belə ağır məhkumluq həyatı yaşasa da yolundan dönmədi. 1988-ci ildə Azərbaycanda Xalq Hərəkatı başlayanda öndə məhz o idi. Hörmət əlaməti olaraq onu Elçibəy – «xalqın elçisi» deyə çağırdılar, ona Bəy deyə müraciət etdilər.

Xalqın səlahiyyətli nümayəndəsi olan Elçibəyi qarşıda hələ çox görüləsi işlər, həllivacib xeyli məsələlər gözləyirdi.

O, əsl fanat idi. Yolundan dönməyən, qələbəyə qədər mübarizə aparmağa hazır olan və qalib gələcəyinə ürəkdən inanan fanat. Fikirlərini ürəklərinə enerji verə-verə, beyinlərinə nur saça-saça çatdırırdı insanlara. Bəyin seçdiyi həyat yolu çoxları üçün mübarizə eşqinə çevrildi. Ətrafındakılar artdılar, çoxaldılar. Təmizqəlbli, dürüst, seçdiyi yolun düzgünlüyünə inanan bu fədakar insan Vətəni Bütöv Azərbaycan kimi görmək istəyənlərə əsl örnək oldu.

Bütöv Azərbaycan arzusuna utopiya kimi yanaşanlara «Hər şeyin zamana ehtiyacı var» deyib ətrafındakıları ruhlandırır, onları mübarizənin sonda qələbə ilə bitəcəyinə inandırmağa çalışırdı. Gözlərində kədər, əhvalında yorğunluq, nitqində pərakəndəlik olsa da, inamlı danışığını eşidənlər – müxtəlif fikirli, fərqli dünyagörüşlü insanlar ona inanırdılar. Onu təvazökar şəxsiyyət kimi sevir, lider kimi güvənirdilər. O da rejimin xata-bəlasından qoruna-qoruna insana bütün zamanlar üçün gərək olanları sətiraltı məqamlarla elə yaxşı aydınladıb başa salırdı ki, insan yalnız həmin vaxt özünü əsl vətəndaş sanırdı.

Keçmiş heç vaxt keçmir. Azərbaycanın 30 il əvvəl yaşadığı faciələri də yaddaşlardan silmək olmaz. Meydan hadisələri, Azərbaycanın müstəqillik aktının hazırlanması, müstəqilliyimizin elan olunması və s. dönə-dönə xatırlanmalıdır. 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində ölkəmizdə baş verən hadisələrin çoxu məhz Əbülfəz Elçibəyin adı ilə bağlıdır.

Nurani çöhrəsi, səmimi siması ilə yaddaşlarda qalan Elçibəy Milli Hərəkat rəhbəri də oldu, partiya sədri də. 17 iyun 1992 – 1 sentyabr 1993-cü il dönəmində Azərbaycan Respub­lika­sının Prezidenti olmaq məsuliyyəti də onun çiyinlərinə düşdü. Ölkəəhəmiyyətli bir çox həllivacib məsələlər, qərar və qətnamələr məhz onun imzası ilə reallaşdı.

2000-ci ilin 22 avqustunadək ovaxtkı daş karxanasından gətirdiyi daşları üst-üstə qoyub ta nələr tikmədi, nələr ucaltmadı… Bəyin köməyilə yeni bir yol uzandı gələcək nəsillərin ürəyinə. Onun fəaliyyəti tarixin qaranlıq səhifələri içində itmiş, yaddan çıxmış onlarla vətəndaşın yollarını işıqlandırdı. Çoxlarını tanıdıq, çoxlarını sevdik Bəyin sayəsində.

Sevgisində və nifrətində öz sabitqədəmliyi ilə seçilən Bəy özü də bütün uğurları və məğlubiyyətləri ilə yadımızda qaldı. Haqlı olub zirvədə durmaqdansa, haqsız olub geri çəkilməyi üstün tutdu. Bu, əsl revanş idi.

Haradan gəlib hara getdiyini çox gözəl bilən Elçibəy ölümü ilə də Vətən üçün döyüşüb ölməyin dəyərini, qiymətini artırdı. Düzdü, o öləndən sonra haqqında mətbuatda ağlagəlməz şayiələr yazanlar da oldu, ölümünü dedi-qoduya çevirib yayanlar da. Amma bəyin təmizliyi suya atılan heç bir daşla bulanmadı. Bu daşlar eləcə çayın dibinə çöküb gözdən itdilər.

Gözyaşı kimi duru, öz axarı ilə axan çayın üzərindən bu gün dünəndən bu günə, bu gündən sabaha uzanan elə bir körpü salınıb ki… Bəyin yonduğu daşlardan tikilib bu körpü.

Elçibəyin 80 illik yubileyi ərəfəsində desək ki, o, doğum və ölüm tarixinə görə xatırlanacaq insan deyil, bu, bir həqiqətdir. Uğurlarla yanaşı, qüsurları, doğrular qədər yanlışları olsa da, Azərbaycan xalqı Bəyi sevib, sevir və həmişə sevəcək. Çünki Elçibəy əməl və məfkurə sahibi idi. Dünyaya şəxsiyyət kimi gəlib həyatını insaniyyət təməli üzərində qurdu, əsl vətəndaş kimi yaşayıb ləyaqətlə də öz əbədi dünyasına çəkildi. Elçibəy bu gün layiqli insanlar qalereyasında uyuyur – Fəxri Xiyabanda əbədiyaşarlıq qazanıb. Məzarını ziyarət edib ruhuna dualar oxusaq, nə xoş bizlərə…

Daim Azərbaycan adı ilə döyünən köksünün üstündəki heykəlini «dilləndirməyi» də unutmayaq gərək. Daş monolitliyinin sükutu qoy elə daşla da pozulsun: – 80 yaşın mübarək, Bəy!

 

Aida Quliyeva

 

Yazı “ELÇİBƏY-80” yazı müsabiqəsinə təqdim edilir