XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 07:05

Azərbaycan-İsrail münasibətlərinin perspektivi – TƏHLİL

atlas.jpg

Strateq. az “Atlas” Araşdırmalar Mərkəzinin İsrail – Azərbaycan münasibətlərinin gələcək perspektivinə dair hazırladığı təhlil yazısını təqdim edir:

İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayında qurulub. 1993-cü ilin avqustunda isə bu ölkənin Bakıda səfirliyi açılıb. Buna baxmayaraq, Azərbaycanın hələ də İsraildə səfirliyi yoxdur. İsrailin baş naziri Benyamin Netanyahu 1997-ci ildə Cənubi Koreya səfərindən geri qayıdarkən onun təyyarəsi Bakıya endi. Bu İsrailin hər hansı dövlət xadiminin Azərbaycana ilk səfəri idi. Səfər cəmi bir neçə saat çəkdi. Ancaq bu bir neçə saat kifayət etdi ki, mərhum dövlət başçısı Heydər Əliyev Benyamin Netanyahu ilə iki ölkə arasındakı münasibətlərin perspektivini geniş müzakirə etsin. Netanyahunun Heydər Əliyevdən ən böyük istəyi Azərbaycanın İsraildə səfirlik açması idi. Heydər Əliyev bu məsələnin yoluna qoyulması üçün müəyyən zamana ehtiyacı olduğunu bildirdi. Bu səfərdən sonra İsrailin prezidenti və xarici işlər naziri dəfələrlə Azərbaycana səfər ediblər. Hazırda rəsmilər arasında sıx dialoq mövcuddur. İki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. Torpaqları işğal altında olan Azərbaycan Qərbdən ala bilmədiyi müasir silahların bir qismini İsraildən alır. Bunun əvəzində Azərbaycan Türkiyənin Ceyhan limanı üzərindən İsrailə neft satır. Azərbaycan nefti İsrailin tələbatının təxminən 40 faizini ödəyir. İsraildə güclü azərbaycanlı lobbi var. Onlar vaxtilə Azərbaycandan İsrailə köçən yəhudilərdir. Yerli hakimiyyət bu lobbi ilə hesablaşır. Azərbaycan lobbisinin keçirdiyi tədbirlərə İsrail rəsmiləri qatılırlar. ABŞ-dakı güclü yəhudi lobbisi də Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyir. Bu dəstək İsrail-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına görədir. Beləliklə, İsrail-Azərbaycan münasibətlərinin hazırki durumundan hər iki tərəf razıdır. Bu münasibətlərin tamlığına sadəcə, Azərbaycanın İsraildə səfirliyinin yoxluğu mane olur. Rəsmi Bakı iki amilə görə İsraildə səfirlik açmağa ehtiyat edir: Birinci amil İrandır; İkinci amil ərəb dünyasıdır. Hazırda bu iki amilin İsraillə əməkdaşlığa görə rəsmi Bakıya təzyiq etmək imkanı və ya istəyi yoxdur. İran nüvə məsələsinin həllində ABŞ-la anlaşmağa yaxındır.

Böyük ehtimalla iyunun 30-da tərəflər arasında sənəd imzalanacaq. Bu isə İranın Qərblə əməkdaşlığına yaşıl işıq yandıracaq. İranın daxilində də ABŞ və Avropa Briliyi ilə əməkdaşlığın başlanmasına hazırlıq gedir. Belə olan halda Tehranın Azərbaycanın İsraildə səfirlik açmasına etirazı məntiqdən kənar səslənər. çünki, əgər İran özü Qərblə əməkdaşlığa başlayacaqsa və yaxın gələcəkdə hətta ABŞ-ın Tehranda səfirliyinin yenidən fəaliyyəti müzakirəyə çıxarılacaqsa, Tehran oxşar addımı Azərbaycana atmağa mane ola bilməz. Rusiya və Ermənistan İranın bölgədə iki strateji tərəfdaşıdır və həm Moskvanın, həm də İrəvanın İsraildə səfirlikləri var. Belə olan halda Tehran Bakıya niyə İsraildə səfirlik açmağa mane olmalıdır? Ərəb dünyası ilə Azərbaycan arasında sıx əlaqələri var. Azərbaycan prezidenti İlham Əliyev bu ay ərəb dünyasının liderliyinə iddialı olan Səudiyyə Ərəbistanına rəsmi səfər etdi. Səudiyyə Ərəbistanı Yəməndəki savaşa müdaxilə edib. çünki Ər-Riyad İranın bölgədəki rolunun artmasından narahatdır. Səudiyyə Ərəbistanı Yəmən üzərindən İranın bölgədəki maraqlarını sıxışdırmağa çalışır. Bu mübarizədə Səudiyyə Ərəbistanının ABŞ-ın dəstəyinə ehtiyacı var. Ər-Riyadın bu istiqamətdəki fəallığı İsrailin də maraqlarına xidmət edir. ümumiyyətlə Səudiyyə Ərəbistanının Misirin yeni hakimiyyətinə dəstəyi, Suriya, İraq və Yəmənlə bağlı mövqeyi İsrailin mövqeyi ilə çox da kəsişmir. Demək, Azərbaycanın İsraildə səfirlik açması faktına bölgənin əsas ərəb oyunçusu Səudiyyə Ərəbistanı da mənfi yanaşmayacaq.

Beləliklə, həm İran, həm də ərəb dünyası faktoru Azərbaycana İsraildə səfirlik açmağa mane olmayacaq. İyunun 30-da 5+1 formatında İranla saziş imzalanarsa, rəsmi Bakı 2015-ci il ərzində İsraildə səfirlik açmaq üçün münbit geosiyasi şərait əldə edəcək. İsrail hökuməti səfirliyin açıllması məsələsində rəsmi Bakını tələsdirmir. Buna baxmayaraq, səfirliyinin açılmasının ləngidilməsi belə bir təsəvvür formalaşdırır ki, Azərbaycan əvvəlki kimi kənar təzyiqlərdən ehtiyat edir. Halbuki, Azərbaycan hakimiyyəti heç bir dövlətin təsiri altında olmadığını, xarici siyasətdə milli və təhlükəsizlik maraqlarından çıxış etdiyini vurğulayır. Bu baxımdam rəsmi Bakının İsraildə səfirlik açması Azərbaycanın milli və təhlükəsizlik məsələlərində heç kimdən asılı olmadığını göstərəcək.

Strateq.az