XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 12:44

Siyəzəndən həyəcanlı xəbərlər: bahalaşmaya etiraz artır, saxlanılanlar var – VİDEO

siyezenSiyəzən rayonunda dünəndən başlayan bahalaşma əleyhinə aksiya bu gün də davam edir. 

Bu barədə Vətəndaş Həmrəylik Partiyasının (VHP) sədr müavini Samir Əsədli öz “facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Siyəzən camaatı ayaqdadır: “Bahalaşma əleyhinə etiraz davam edir. 30-dan artıq vətəndaşın saxlanıldığı bildirilir. Həmçinin VHP Siyəzən rayon təşkilatının sədr müavini Etibar Qəniyev də saxlanılıb”.

Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında Siyəzəndə dünən bahalaşma əleyhinə baş verən aksiyanın Müsavat Partiyası tərəfindən təşkil olunduğunu deyib: “Siyəzəndə 25-30 nəfər unun bahalaşması ilə bağlı etiraz edib. Bizim partiyanın yerli təşkilatından dəqiq məlumat aldım ki, bu aksiyanı təşkil eləyən Müsavat Partiyasının Siyəzən rayon təşkilatıdır. İnsanları həmin təşkilat qızışdıraraq meydana gətirməyə çalışıb. Sonra etirazçılarla rayon icra hakimiyyətinin rəhbərliyi görüş keçirib, onlar dinlənilib. Qaldırılan məsələ ilə bağlı tədbir görülməsi üçün onlara vəd verilib. Sonra isə icra hakimiyyətində müşavirə keçirilib, məsələlər müzakirə edilib”.

Müsavat Partiyasının başqanı Arif Hacılı F.Ağamalının ittihamlarına cavab verib. O, “Yeni Müsavat”a deyib ki, baş verən narazılıqlar əhalinin indiki iqtisadi siyasətdən, düşdükləri ağır durumdan irəli gələn hadisələrdir: “Bu proseslər yəqin ki, bütün ölkədə davam edəcək. Müsavat Partiyasının respublikanın bütün ərazisində yerli strukturları mövcuddur. Azərbaycan xalqının ağır duruma düşdüyü məqamda Müsavata, onun yerli strukturlarına, ayrı-ayrı nüfuzlu müsavatçılara müraciət etməsinə də təbii yanaşmaq lazımdır. Ancaq konkret olaraq son günlərdə keçirilən aksiyaların təşkilatçısı Müsavat Partiyası deyil”.