İran prezidenti Həsən Ruhani iranlıları əmin edib ki, onun hökuməti qarşıdan gələn ABŞ sanksiyalarının iqtisadi təzyiqlərini dəf etməyə hazırdır.
Prezidentin bu bəyanatından bir gün əvvəl ölkədə milli valyutanın ucuzlaşması ilə bağlı etiraz aksiyaları keçirilib. İyunun 26-da televiziya ilə canlı translyasiya olunan çıxışında Ruhani deyib ki, büdcə gəlirləri son aylar ərzində azalmayıb. O milli valyuta rialın dəyərdən düşməsinə görə “xarici media təbliğatını” ittiham edib.
İyunun 25-də Tehranın Böyk bazarında etiraz edən izdiham sonradan parlament binasının qarşısına toplaşmışdı. Bu, ilin əvvəlində ölkəni bürümüş etirazlardan sonra baş verən ilk belə aksiya olub.
İranın yarırəsmi ISNA agentliyi iyunun 26-da xəbər verib ki, bir gün əvvəl etiraz aksiyasını keçirənlər saxlanıb. Agentlik etirazçıları “iğtişaşçı” adlandırıb. Lakin Böyük bazardakı etirazlar iyunun 26-da da davam edib. Bu etirazlar zamanı aksiyaçılar antihökumət şüarları səsləndirirdilər. Bəzi xəbərlərdə deyilir ki, bazardakı bir çox tacirlər etirazların davam edəcəyindən ehtiyatlanaraq dükanlarını bağlayıblar.
Prezident Donald Tramp ötən may ayında ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan etdikdən sonra Tehran üzərinə yeni və daha sərt sanksiyaların tətbiq ediləcəyi gözlənilir. ABŞ-dan gözlənilən yeni sanksiyalarla bağlı bir çox iranlılar milli valyutada olan əmanətlərini xarici valyutaya, əsas etibarilə ABŞ dollarına çevirməyə çalışırlar.
Lakin prezident Ruhani narahatlıqlara son qoymaq məqsədilə deyib: “Hətta ən pis halda da söz verirəm ki, iranlıların təməl ehtiyacları ödənəcək. Bizim kifayət qədər şəkərimiz, buğdamız və maye yağımız var”. O əlavə edib ki, ABŞ-ın yeni sanksiyaları İrana qarşı “psixoloji, iqtisadi və siyasi müharibənin bir hissəsidir”. Ruhani deyib ki, ABŞ “öz əməllərinə görə baha bədəl ödəyəcək”. Tehran bahalaşmanın qarşısını almaq üçün bir sıra xarici malların idxalının qadağanı da daxil bəzi tədbirlərin həyata keçirilməsinə başlayıb.
(Azadlıq radiosu)