XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

30 İyun 2018 - 14:55

Pambıq tarlalarından növbəti zəhərlənmə xəbəri –Yerli məmurlar sakinlərin günvurmadan əziyyət çəkdiyini bildirir

İyunun 29-da Saatlı rayonunun pambıq tarlalarının birində alaq otlarını təmizləyən işçilərin halının pisləşdiyi bildirilir.

Bu barədə “Azadlıq” radiosuna yerli sakinlər məlumat verib. Onlar deyiblər ki, rayonun Əliabad, Məmmədabad, Genişkənd və Şirinbəy kəndlərindən olan 24 nəfər işçi günortadan sonra zəhərləndiklərinə görə, tarladan birbaşa rayon xəstəxanasına çatdırılıb. Xəstəxanaya hüquq-mühafizə orqanlarının nümayəndələrinin gəldiyi də bildirilir.

Saatlı Rayon Xəstəxanasından, müəssisəyə pambıq tarlasında işləyənlərin müraciət etmələrini təsdiqləyiblər. Ancaq onların zəhərlənmədiyi, günvurmadan şikayətləndikləri deyilib: “Yardım göstərdikdən sonra vəziyyətləri stabilləşdi və hamısı evə buraxıldı.”

İcra Hakimiyyətində şöbə müdiri: “Narahatlıq olanda, əziyyətini biz, tibb işçiləri çəkir…”

Saatlı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova isə narahatlığa heç bir əsas olmadığı bildirib: “Belə isti havada günvurma olmağı təbii hadisədir. Bu, təkcə pambıq tarlasında, ya rayon yerlərində olmur ki,… İcra başçısı göstəriş verib ki, isti vaxtı tarla işlərinin görülməsində məhdudiyyət olsun. Yerli icra nümayəndələri, bələdiyyə sədrləri bunu nəzarətə götürüblər. Amma bütün tarlaları günboyu müşahidə altında saxlamaq imkanımız yoxdur axı. Adamlar könüllü olaraq istidə də işləyir, kimsə onları buna məcbur etmir. Narahatlıq olanda, əziyyətini biz və tibb işçiləri çəkir…”

Hadisə barədə hüquq-mühafizə orqanlarından isə açıqlama almaq, hələlik, mümkün olmayıb.

Azərbaycanın əmək qanunvericiliyinə görə…

Azərbaycanın əmək qanunvericiliyinə görə, havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda, başqa iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.Son günlər ölkənin Aran bölgəsində temperaturun gündüz müsbət 40 dərəcə civarında dəyişdiyi açıqlanıb.

İyunun 28-də Saatlı rayonunun Əbil və Sarıcalar kəndində pambıq tarlasında alaq otlarını təmizləyən işçilərdən 9-nun halının pisləşdiyindən xəstəxanaya aparıldığı deyilirdi. Onların günvurmadan əziyyət çəkdikləri açıqlanmışdı.

Ondan üç gün əvvəl, iyunun 26-da da rayonun Azadkənd kəndi ərazisindəki pambıq sahələrindən birində çalışan bir neçə işçinin günvurmadan rayon xəstəxanasına aparıldığı bildirilmişdi.

Xatırlatma

Son 3 həftədə Azərbaycandakı pambıq sahələrindən narahatedici məlumatlar yayılır. Bu zaman ölkənin ayrı-ayrı bölgələrindəki pambıq sahələrində 4 kütləvi zəhərlənmə hadisəsinin qeydə alındığı bildirilir.Həmin yerlərin arasında Saatlı rayonu da var idi.

Bu hadisələrlə əlqədar artıq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma – ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi – ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Bu işlə əlqədar həbs edilənlərin də olduğu bildirilir.