XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 04:47

Bakı şəhər Təhsil İdarəsində QALMAQAL

Metodistlər haqlarını tələb edirlər

Bu gün Bakı şəhər Təhsil İdarəsinin kadrlar üzrə rəisi Rəşad Tağıyev Metodiki Mərkəz əməkdaşları ilə görüşüb.

Strateq.az-ın əldə etdiyi məlumata görə, görüş xeyli gərgin şəraitdə keçib. Gərginliyə səbəb təhsil işçilərinin əmək haqqı və metodistlərin müəllim işləmək hüququ ilə bağlı fikir ayrılığı olub.

Məlumatda qeyd olunur ki, maaşlarını müəllimlərin artırılmış əmək haqqına uyğunlaşdırılmasını tələb edən Metodiki Mərkəz əməkdaşlarına Rəşad Tağıyev qeyri- adi təklifdə bulunub. O bildirib ki, 18 saat dərs demək müqabilində istənilən metodist orta məktəbdə dərslə təmin oluna bilər, lakin bir şərtlə-müəllim işləyən metodist indiki vəzifəsindən imtina etməlidirlər. İdarə yetkilisinin bu fikrindən sonra araya qalmaqal düşüb, tərəflər bir-birilərini ittiham etməyə başlayıblar.

Metodiki Mərkəz əməkdaşlarının Strateq.az-a bildirdiyinə görə, ixtisasca hüquqşünas olan R.Tağıyev bir ilə yaxın kadrlar şöbəsinin rəisi vəzifəsini icra etməsinə baxmayaraq, metodistin hüquq və vəzifələrini yetərincə bilmir: “O, hətta Təhsil İdarəsinin bir şöbəsi olan Metodiki Mərkəzin səlahiyyət və vəzifələrindən də xəbərsizdir. Məhz, buna görə də, məlum görüşdə bu şöbədən ayrıca bir qurum kimi bəhs edib, metodistləri “dikbaşlıq”da günahlandırıb, onları gələcəkdə öz iş yerlərini itirmələri ilə hədələyib. Sonda belə bir fikir ifadə edib ki, metodistlər ya elə metodist olmalı, ya da gedib müəllim işləməlidirlər”.

Məlumat üçün qeyd edək ki, Metodiki Mərkəzin əməkdaşları ən yaxşı halda 180 manat maaş ala bilərlər – o da bir oklad işlədikləri təqdirdə. Mərkəz əməkdaşlarının əksəriyyəti isə yarım okladla işləyir. Yəni 85-90 manat maaş alırlar. Məsələyə bir də bu aspektdən yanaşanda belə bir nəticə hasil olur ki, Bakı şəhər Təhsil İdarəsinin yetkililəri onlardan ya ayda 90 manat alaraq acından ölməyi, ya da hamısının bu qurumdan ayrılmasını tələb edir.

Metidostlərin fikrincə, Təhsil idarəsinin belə bir tələb irəli sürməyə hüququ yoxdur və qurumun rəsmisi Təhsil Nazirliyinin 05.05.2010-cu il tarixli əmri haqqında ya heç bir məlumata malik deyil, ya da onu heçə sayır: “çünki həmin əmrdə qeyd olunur – “Bakı şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilində metodistlərin dərs deməsinə şərait yaratmalıdır”. Metodistlərin işlə təminatına birbaşa məsuliyyət daşıyan qurum yetkililəri qanunvericiliyin tələblərini bir kənara atıb, özfəaliyyətlə məşğul olurlar. Xüsusilə hüquqşunas olan R. Tağıyevin bu hərəkətləri heyrət doğurur. Bu adamın, görəsən, hüquqdan, qanundan başı çıxırmı?”

Metodistlər vəziyyətin bu hala gəlməsini əslində təhsil siyasətinə hüquqşunas və iqtisadçıların rəhbərlik etməsiylə əsaslandırırlar: “Hər bir sahənin öz biliciləri, mütəxəssisləri var. Məhkəmə sisteminə ixtisasca müəllimin, yaxud həkimin rəhbərlik etməsi nə qədər zərərlidirsə, hansısa bir hüquqşunasın pedoqoji heyətə rəhbərliyi də eyni nəticəni doğurar. çünki pedoqoq olmayanlar anlaya bilmirlər ki, metodika spesifik xüsusiyyətə malik bir peşədir və metodist birbaşa məktəblə təmasda olmazsa, qısa müddətdən sonra öz peşəkarlıq keyfiyyətini unudar, həm müəllim, həm də metodist kimi əhəmiyyətini itirər”.

Şikayətçilər sonda onu da qeyd etdilər ki, bu gün Bakı şəhəri Təhsil İdarəsinin Metodiki Mərkəzinə laqeyd münasibət hökm sürür: “İnanırıq ki, bu laqeydlik qısa müddət ərzində aradan qaldırılacaq, 70 nəfər üzvü olan kollektiv öz halal haqlarına qovuşacaq”.

Heydər Oğuz