XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2018 - 15:30

İŞDƏN ÇIXARILAN GÖMRÜK GENERALLARI İLƏ BAĞLI MARAQLI FAKTLAR… –Biri avtomobil monopolisti, o biri baytar...

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.

Prezidentin digər sərəncamları ilə İqbal BabayevCavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunublar.

Qeyd edək ki, bu təyinata qədər İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.

Dövlət Gömrük Komitəsindən APA-ya bildirilib ki, Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin isə Səməd Qaralov rəis təyin ediliblər.

Strateq.az xəbər verir ki, AzPolitika.info saytı işdən çıxarılan hər iki generalın tərcümeyi-hallarından maraqlı epizodlara yer ayırıb.

Sayt bildirib ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından Aydın Əliyevin müavinidir.

Məlumatlarda bildirilir ki, Şahin Bağırov bəzi sahələri öz inhisarında saxlayıb. Məsələn, Gürcüstandan və digər xarici ölkələrdən gətirilən avtomobillər general-leytenantın icazəsi olmadan ölkəyə buraxıla bilməzdi.

İşdən çıxarılan Dövlət Gömrük Komitəsinin digər sədr müavini, gömrük xidməti general-leytenant Nazim Məmmədov isə ixtisasca baytar olub.

Nazim Məmmədov  1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. 1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-cı-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. 2007-cı ilin dekabrından bu günə qədər  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edib.