
Əksər ekspertlər yaxın aylarda da bahalaşma gözləmirlər; Hazırda qiymət artırılsa da, ev bazarında durğunluqdur
Manatın bir müddət əvvəl dollar qarşısında qəfləti və kəskin ucuzlaşması diqqəti həm də mənzil bazarına yönəldib.
Ekspertlər ev və torpaq sahələrinin qiymətinin necə olacağını proqnozlaşdırmaqda çətinlik çəkirlər. Bazarda isə durğunluqdur.
Əməkdaşımız paytaxtın mənzil və kirayə bazarındakı qiymətlərlə maraqlanıb. Neftçilər metrostansiyasının yaxınlığındakı ev bazarında satıcılar bildirirlər ki, son iki həftə ərzində bazarda durğunluq hakimdir: “Maraqlanan var, ancaq ev almaq istəyən yoxdur. Heç kirayə götürmək istəyən də tapmırıq”.
Buna baxmayaraq, evlərin qiymətində artım da var.
“Kirayə evlərin qiyməti 50-80 manat arası bahalaşıb. Ancaq müştəri tapmırıq, qiyməti artırmaqla deyil ki…”, – deyə Səlim adlı makler bildirir. Onun sözlərinə görə, ev sahibləri satışa çıxardıqları mənzillərin qiymətini dollara çeviriblər: “Artıq manatla satış yığışdırılıb”.
Ev alqı-satqısı ilə məşğul olan ofislərdə də sakitçilikdir. Bəkir adlı makler deyir ki, iki həftə ərzində demək olar, işləməyiblər: “Qiymətlə maraqlanan var, ancaq almaq istəyən, qəti qərar verən yoxdur. Mənzillərini satmaq istəyənlər də hələ fikirləşirlər. Neçə nəfər deyib ki, hələ mənzili satmıram, siyahıdan çıxart. Hamı vəziyyətin düzələcəyini, sabitləşəcəyini gözləyir”.
Rəsmi rəqəmlərə görə isə, 2014-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 10,1 faiz artıb. Mərkəzi Bankının ötən ilin yekunları üzrə pul siyasəti icmalında bu barədə bildirilir.
Dövlət Statistika Komitəsinin hesabatına istinadən icmalda qeyd edilir ki, təkrar və ilkin mənzil bazarında qiymət artımı müvafiq olaraq 10,1 və 9,1 faiz təşkil edib. Təkrar mənzil bazarında ən yüksək qiymət artımı aşağı keyfiyyətli mənzillərdə (14,6 faiz), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillərdə (12 faiz) müşahidə olunub. Əmlak bazarı üzrə digər fəallıq göstəriciləri müxtəlif istiqamətlərdə dəyişib.
“MBA LTD” Qiymətləndirmə və Konsaltinq şirkətinin məlumatına görə, ötən il yaşayış sahələrinin kirayə haqqı ödənişləri 2 faiz artıb, kommersiya obyektlərinin icarə haqqı isə11,2 faiz azalıb. Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarına daxilolmalar 25,4 faiz artıb.
Ekspertlər isə bildirirlər ki, daşınmaz əmlakın real dəyərini qısamüddətli dövr üçün inflyasiya göstəricisi ilə uzlaşdırmaq olar. Manatın dollara nisbətən 33 faiz devalvasiyası onun real alıcılıq qabiliyyətinin 33 faiz aşağı düşməsi anlamına gəlmir. İnflyasiyanın səviyyəsi ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Ancaq hələlik ən bədbin ehtimallara əsasən ilin sonuna kimi orta hesabla 15 faizlik inflyasiya proqnozlaşdırılır.
O da bildirilir ki, devalvasiyadan sonra daşınmaz əmlak bazarına diqqət xeyli artıb. Bu diqqət özünü daha çox qiymət sorağında göstərir. Real alqı-satqı əməliyyatlarının sayının artmasından danışmaq tezdir. Qeyd edilir ki, alıcı qismində çıxış edənlərin əksəriyyəti əlində külli miqdarda manat olan şəxslərdir. Onlar mənzil almaqla, manatın dəyərdən düşməsindən sığortalanmaq istəyirlər. Ancaq hələlik real tələbdən söhbət getmir. çünki onların mənzillərin qiyməti ilə maraqlanması qəti qərara gəlmələri demək deyil. Onlar pulu dollara çevirməyə və ya banka manatla depozitə qoymağa da qərar verə bilərlər.
Bildirilir ki, bazarda panika azaldıqca alıcılar artıq daha məntiqli addımlar atmağa başlayacaqlar. Hər şey manatın gələcək devalvasiya gözləntilərindən asılı olacaq.
“Value and Sources” Konsaltinq şirkətinin eksperti Rəşad Əliyev bildirir ki, daşınmaz əmlak bazarında ilin sonuna kimi qiymət dəyişikliyi devalvasiyadan sonrakı dövrdə aşağıdakı ssenari üzrə ola bilər: “Dollarla ifadə olunmüş qiymətlər üzrə 10-25 faiz enmə. Ən çox enmə likvidliyi aşağı olan obyektlərdə olacaq. Gözlənilməz hadisələr olmayacağı təqdirdə, manatla ifadə olunmüş qiymətlər üzrə 11-27 faiz artım. Ən çox artım yüksək likvidliyə malik əmlaklar üzrə olacaq. Bazardakı mövcud qiymətlərə dair düzgün məlumatlar mövcud deyil. İstisna deyil ki, qiymətlər artıq yuxarıda göstərilən diapozonlara daxil olub”.
Ekspertin sözlərinə görə, orta qiymətlərin bu intervaldan kənara çıxması ehtimalı 3 amildən – neftin qiyməti, bank sektorunun vəziyyəti və manatın gələcək məzənnəsindən asılı olacaq: “Neftin qiyməti ilin sonuna kimi 80-100 dollar intervalına qayıtsa, qiymətlər həm manat, həm də dollar ifadəsində qalxmağa başlayacaq. Bank sektorunun ümumi sabitliyi də qiymətlərə təsir edəcək. çünki bank depozitləri investisiya aləti kimi daşınmaz əmlakın ən əsas rəqibidir. Bank sektorundakı vəziyyətin pisləşməsi nəinki depozitlərin investisiya cəlbediciliyini azalda bilər, həm də milyardlarla manatın oradan daşınmaz əmlak bazarına gəlməsinə səbəb ola bilər. Bunun nəticələrini təsəvvür etmək isə çətin deyil. Bununla yanaşı, hesab edirik ki, bank sektorundakı durumun nəzarətdən çıxması gözlənilmir. Manatın məzənnəsinin sabitliyi də mühüm məsələdir. Yumşaq devalvasiya gözləntilərinin mövcudluğu bazarda manatla ifadə olunmuş qiymətlərin artımına səbəb ola bilər. Ancaq bu, dollar ifadəsində olan qiymətlərə ciddi təsir göstərə bilməyəcək”.
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, onlar daşınmaz əmlak bazarında monitorinqlər aparıblar. O, bazarda yalnız təkmil qiymətinin artmasının müşahidə edildiyini bildirib.
Ekspertin sözlərinə görə, əvvəl evini 100 min manata təklif edən mənzil sahibi manatın məzənnəsinin aşağı düşməsindən sonra valyutanı dəyişərək, evini 100 min avroya, yaxud 100 min dollara təklif edir: “Bu da təkmil qiymətinin artmasına gətirib, çıxarır. Amma təkmil qiymətinin artması, əmlak bazarında qiymət artımı kimi başa düşülməməlidir. Bahalaşma yoxdur. Aparılan bəzi monitorinqlər 2014-cü ilin sonu, bu ilin ilk aylarında qiymət artımının olduğunu bildirir. Əgər əmlak bazarında alıcı yoxdursa, tələbat son 10 ildə ən aşağı səviyyəyə düşübsə, qiymətlər necə arta bilər? Bazarda real qiymətlərin, alqı-satqı qiymətlərinin artması müşahidə edilmir. Əksinə, 2014-cü ilin sentyabrından başlayaraq, əmlak bazarında alqı-satqı qiymətlərində azalmalar müşahidə edilir. 2015-ci ildə manatın devalvasiyasına baxmayaraq, bu sahədə qiymət artımı proqnozlaşdırmırıq. Əksinə, keçən illə müqayisədə qiymətlər 5-7 faiz intervalında aşağı düşəcək. Səbəb tələbatın və bazara daxil olan alıcıların sayının azalmasıdır. Rusiyada baş verən böhran da bu sahəyə təsir etməyib. Neftin ucuzlaşması fonunda Rusiyadan Azərbaycana insan axını olmadı
və bu da Bakıda mənzil bumunun yaranmasının qarşısını aldı. Regionda və dünyada baş verən iqtisadi proseslər daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsini şərtləndirəcək”.
Röya RƏFİYEVA,
Fotolar müəllifindir.