XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2018 - 17:31

“Suriyada döyüşməyə mindən çox azərbaycanlı gedib” –İlham İsmayıl: "Bu adamların çox az hissəsi belə təhlükəlidir"

“Suriyaya – münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı min nəfərdən çox olub”, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov deyib.

Suad Mahmudov bildirib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub.

Onun sözlərinə görə, son bir ildə xaricdəki hərbi münaqişələrdə iştirak edən “20 ekstremist” ölkəyə qayıdarkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

S. Mahmudov DTX-nin bu proseslərə nəzarəti ələ aldığını əlavə edib.

Təhlükəsizlik məsələləri üzrə eskpert İlham İsmayıl “BBC News Azərbaycanca”ya bildirib ki, qeyri-qanuni silahlı qruplaşmarda iştirak edənlərin Azərbaycana qayıtması təhlükəlidir.

O deyir ki, özünü İslam Dövləti adlandıran hərbi qruplaşma (İD) artıq əvvəlki gücü ilə fəaliyyətini davam etdirə bilmir, ona görə də bir çoxları öz ölkələrinə geri qayıtmaq istəyir:

“Ola bilər ki, qruplaşmada iştirak edənlərin bir neçəsi gizli yolla, hansısa bir dövrdə sənəd dəyişdirməklə Azərbaycana qayıtsın. Bu, xüsusilə Şimali Qafqazdan gözlənir, çünki ordan Suriyadakı döyüşlərdə xeyli iştirak edənlər olub”.

İ.İsmayılın fikrincə, bu şəxslər ideoloji müharibə adı altında terrorla məşğul olurlar, ona görə də Azərbaycana qayıdandan sonra da “potensial təhlükə” hesab oluna bilərlər:

“Bu adamlar köhnə əlaqələrini kəsə bilməyəcəklər, tapşırıqlar alacaqlar. Azərbaycanda da radikal dindarlıq artan xətt üzrə gedir. Bu adamların hətta çox az hissəsi belə təhlükəlidir. 10 nəfər də kifayət edər ki, hansısa şəhərdə kifayət qədər gərginlik yarada bilsinlər”.

İlham İsmayıl sözügedən məsələyə nəzarət mexanizminin iki istiqamətdə aparılmalı olduğunu deyir. O, ilk növbədə xaricdə qeyri-qanuni silahlı qruplaşmalarda iştirak etmiş şəxslərin uşaqlarının xaricdəki nümayəndəliklər tərəfindən Azərbaycana gətirilməli olduğunu deyir:

“Dövlət bu uşaqları öz himayəsinə götürməlidir və onları Azərbaycandakı yaxın qohumlarına təhvil verməlidir. Qadınlar isə yoxlanılmalıdır, çünki bəzi qadınlar döyüş əməliyyatlarında iştirak edib, bəziləri məcbur aparılıb”.

Ekspertin fikrincə, ikinci istiqamət təbliğat aparılmasıdır. O hesab edir ki, qeyri-qanuni hərbi qruplaşmalarda iştirak edən şəxsləri Azərbaycana gətirib cəzalandırmaq lazımdır ki, terror təşkilatlarında iştirak etməyin cəzasız qalmayacağınıhər kəs bilsin.

Xatırladaq ki, ötən həftə hüquq-mühafizə orqanları Gəncənin icra başçısı Elmar Vəliyevi və polis serjantını yaralayan Yunis Səfərovun da Suriyada təlim keçdiyini iddia edib.

Rəsmi məlumata görə, onun məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, “bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə ölkədə xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini” təşkil etmək olub.

Bu ilin mayında İraq məhkəməsi daha üç azərbaycanlı qadına ömürlük həbs cəzası verib. Onlar özünü İslam Dövləti adlandıran hərbi qruplaşmanın fəaliyyətində iştirak etməkdə ittiham olunub.

Xarici İşlər Nazirliyi bildirmişdi ki, Azərbaycan tərəfi bu məsələlərlə bağlı daimi müzakirələr aparır.

“Qeyri-qanuni hərbi qruplaşmalara qoşulanlar həm Azərbaycanın Cinayət Məcəlləsini, həm də olduqları ölkənin qanunlarını pozublar”, – XİN sözçüsü Hikmət Hacıyev “BBC News Azərbaycanca”ya deyib.